Ekoloqlar nadir ördəyin yumurtalarını 44 km piyada daşıdı – 6 bala xilas edildi

DÜNYA
19:19 / 25.08.2026
52

Nadir quş növünün nəsli kəsilmək təhlükəsindən xilas edilməsi üçün qeyri-adi üsula əl atılıb. Ekoloqlar güclü yağışların təhlükə yaratdığı yuvalardan yumurtaları toplayaraq onları 44 kilometr məsafədə yerləşən xüsusi yetişdirmə mərkəzinə piyada aparıblar.

HİT.az xəbər verir ki, Madaqaskar norku (Aythya innotata) dünyanın ən nadir ördək növlərindən biri hesab olunur. Bir vaxtlar nəsli kəsilmiş hesab edilən quş 2006-cı ildə Madagaskardakı Matsaborimena gölündə yenidən aşkarlanıb.

2025-ci ilin noyabrında güclü yağışlar növün vəhşi təbiətdə məlum olan yeganə yuvalama ərazisini təhlükə altına salıb. Təbiəti mühafizə edən mütəxəssislər yumurtaları toplayaraq onları xüsusi inkubasiya və yetişdirmə mərkəzinə çatdırmaq qərarına gəliblər.

Ekoloqlar 44 kilometrlik yolu yumurtaları soyuducuda saxlayaraq piyada qət ediblər. Səfər heç də asan olmayıb. Komanda çayları keçməli, dumanlı düzənliklərdən və asma körpülərdən keçməli olub. Güclü yağışlar səbəbindən bəzi yollar avtomobillər üçün keçilməz vəziyyətə düşüb.

Nəticədə 15 mayalanmış yumurtadan 6 bala çıxıb. Quşlar artıq yetkinlik yaşına çatıb və mütəxəssislər bu üsulun sağlam quşların yetişdirilməsi üçün effektiv vasitə olduğunu bildirirlər.

Bioloq və ekoloq Roland Digby qeyd edib ki, vəhşi təbiətdə yalnız bir yaşayış məskənində mövcud olan növ üçün hər çoxalma mövsümü böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, növün qorunması üçün sınaqdan keçirilmiş əlavə üsulun əldə edilməsi mühüm nəticədir.

Madagaskar norkunun sonuncu təsdiqlənmiş müşahidəsi 1991-ci ildə qeydə alınmışdı. Bundan sonra quşun nəsli kəsilmiş hesab olunurdu. Lakin 2006-cı ildə Matsaborimena gölündə cəmi 9 yetkin fərddən ibarət kiçik populyasiya aşkarlanıb.

Bundan sonra Durrell Wildlife Conservation Trust növün bərpası proqramına başlayıb. Proqrama yaşayış mühitinin bərpası, əsirlikdə yetişdirmə və quşların yenidən təbiətə buraxılması daxildir.

Hazırda Madagaskarda təxminən 180 Madagaskar norkunun olduğu bildirilir. Onların bir hissəsi xüsusi yetişdirmə mərkəzlərində, digərləri isə vəhşi təbiətdə yaşayır.

Bu nəticələr nadir quş növünün tamamilə yox olmaq təhlükəsindən qorunması üçün aparılan mühafizə proqramının mühüm uğurlarından biri hesab olunur.

Samir
 

0