Alimlər çəkisizlik şəraitinin astronavtların həzm sisteminə və bağırsaq bakteriyalarına ciddi təsir etdiyini müəyyənləşdiriblər.
HİT.az xəbər verir ki, Kopenhagen Universiteti və NASA alimlərinin apardığı genişmiqyaslı araşdırma mikroqravitasiyanın insan bağırsağında baş verən prosesləri necə dəyişdirdiyini ortaya qoyub.
Tədqiqat çərçivəsində Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərən 52 astronavtdan götürülmüş nümunələr araşdırılıb. Məlum olub ki, çəkisiz mühitdə qidanın bağırsaqlardan keçməsi əhəmiyyətli dərəcədə yavaşlayır.
Bu vəziyyət bağırsaq mikrobiomuna da təsir göstərir. Qidanın hərəkəti yavaşladıqda bakteriyalar əvvəlcə lif və karbohidratları daha sürətlə istifadə edir. Daha sonra bu mənbələr azaldıqda bəzi bakteriyalar enerji əldə etmək üçün zülalları fermentasiya etməyə başlayır. Bu proses nəticəsində yaranan müəyyən birləşmələr astronavtların qan analizlərində də aşkarlanıb.
Kopenhagen Universitetinin tədqiqatçısı Giorgia La Barbera bildirib ki, bu dəyişikliklər astronavtların kosmosa çatmasından bir neçə həftə sonra başlayır və Yerə qayıdana qədər davam edir.
Alimlər problemin qarşısını almaq üçün kosmik missiyalarda qidalanma proqramlarının yenidən nəzərdən keçirilməsini təklif edirlər. Tədqiqatçılardan Henrik Roager mərcimək, qoz-fındıq və tərəvəz kimi liflə zəngin məhsulların, eləcə də yavaş fermentasiya olunan karbohidratların menyuya daxil edilməsini tövsiyə edir.
Bundan başqa, prebiyotik əlavələrin istifadəsi də nəzərdən keçirilir. Məqsəd bağırsaq bakteriyalarının zülal əvəzinə liflərdən istifadə etməsini və bağırsaqların fəaliyyətinin qorunmasını təmin etməkdir.
Araşdırmaya görə, bu prosesin düzgün idarə olunmaması qısa müddətdə şişkinlik, qarın ağrısı və hemoroid kimi problemlərə səbəb ola bilər. Uzunmüddətli kosmik missiyalarda isə həzm sistemindəki dəyişikliklərin daha ciddi sağlamlıq riskləri ilə əlaqəsi araşdırılır.
Alimlər hesab edirlər ki, düzgün qidalanma strategiyası gələcək uzunmüddətli kosmik uçuşlarda astronavtların sağlamlığının qorunmasının əsas vasitələrindən biri ola bilər.
Samir


