Ölkəmizdə türk seriallarına bu qədər böyük marağın olmasına səbəb nədir?

SOSİAL
15:10 / 25.10.2024
477

"Seriallar özümüzdən qaçmağımız üçün bir vasitədir".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hər bir insanın beynində qarışıq düşüncələr ola bilir:

"Bunlar əsasən həyat və gündəlik problemlərimiz olur. Yəni düşüncələrimiz həmişə çox aktiv olur. Nəticədə, biz həmin düşüncələrin və qayğıların içərisində özümüzü itmiş kimi hiss edirik. Lakin bəzən onlardan qaçmaq üçün dincəlmək istəyirik".

Onun sözlərinə görə, başımızın içərisindəki səsləri və düşüncələri yatızdırmaq üçün ya sosial şəbəkələrdə vaxt keçiririk, ya da televizora baxırıq:

"Hər ikisində də başqalarının həyatlarını izləyirik. Televizorda isə əsasən seriallara baxmağa üstünlük veririk. Xüsusən də ölkəmizdə Türkiyə serialları daha böyük marağa səbəb olur. Çünki türk serialları Azərbaycan həyatından, yaşam tərzindən çox uzaqdır. Bu isə tamaşaçıların diqqətini çəkir".

360868

Psixoloq ölkəmizdə türk seriallarına bu qədər böyük marağın olmasının səbəblərindən danışıb:
"Sözügedən seriallarda baş verən xaos, qarışıqlıq, suallarla dolu həyat prosesləri sanki bizi bir neçə saatlıq öz problemlərimizdən uzaqlaşdırır. Üstəlik, türk seriallarının hekayələri bizdə ciddi maraq yaradır. Yəni həftəlik olaraq serialı izləmək bizdə əlavə marağa səbəb olur. İnsanlar boş vaxtlarını həmin seriallara baxaraq keçirirlər. Nəticədə, bir neçə saat da olsa beynimizdəki düşüncələri kənara qoya bilirik".

O, sözlərini belə yekunlaşdırıb:

"Hətta bəzi insanlar sırf başlarının qarışması, fikirlərinin dağılması üçün serial izləyirlər. Yəni bununla həyatımızda qarşılaşdığımız sıxıntılardan bir qədər uzaqlaşmağa çalışırıq. Həmçinin, qarışıq ssenaridə olan seriallar bizi monoton həyatımızdan uzaqlaşdırdığı üçün maraq yaradır".

Pərviz

1