Gənc ailələrə yardım ediləcək? - AÇIQLAMA

SOSİAL
12:37 / 15.04.2026
200

“Təəssüf ki, son illərdə Azərbaycanda doğum sayları azalır”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əhalinin sayının azalması yaxşı tendensiya deyil:


“Əslində, Azərbaycanda əhalinin sayı həmişə yüksələn templə gedirdi. Məsələn, Qarabağ müharibəsi başlanan ərəfədə əhalimiz təxminən 7 milyon idi, ancaq müharibə bitəndə artıq 10 milyonu keçmişdik. Yəni yaxşı bir göstərici idi. Ermənilər isə eyni dövrdə hardasa 3 milyondan bir az artıq idilər, indi 3 milyondan da bir az aşağı düşüblər. Onlarda demək olar ki, artım yoxdur”.

Lakin partiya sədri qeyd edib ki, son illərdə ölkəmizdə doğum sayları sürətlə azalır:
“Təbii ki, bu da ciddi narahatçılıq doğurur. Artıq hər yerdə bununla bağlı həyəcan təbili çalınır. Hesab edirəm ki, bunun çox səbəbi var. Onların hər biri araşdırılmalıdır. Birinci növbədə dövlət səviyyəsində bu məsələ diqqətə alınmalı, tədbirlər görülməli və xüsusi bir proqram hazırlanmalıdır. Əvvəllər ailələrdə 4-5 uşaq ailədə normal sayılırdı, indi isə bu rəqəm 1-2-yə qədər düşüb. Hətta çox ailədə sadəcə bir uşaq var”.

Siyasətçi diqqətə çatdırıb ki, gənclər uşağın xərcinin, əziyyətinin çox olduğunu deyirlər:
“Doğum sayının azalmasındakı əsas amil məhz budur. Gənc ailələr fikirləşirlər ki, hər şeyin bahalaşdığı bir dövrdə uşaq onlar üçün əlavə yük olacaq. Düşünürəm ki, dövlət proqram tərtib eləməli və gənc ailələrə bu istiqamətdə maddi yardım göstərilməlidir. Bu yolla ailələri həvəsləndirmək olar. Ailədə uşaq sayının neçə olmasından asılı olmayaraq, dövlət hər bir uşaq üçün ciddi maddi yardım göstərməlidir. 

Məncə, gündəmdə olan uşaqpulu məsələsi təcili şəkildə öz həllini tapmalıdır. Ailələrin büdcəsinə ciddi müsbət təsir göstərən addımlar atılmalıdır ki, gənc ailələr uşaq böyütməklə bağlı çətinliyə düşməsinlər. Hansı ki, bu çox vacib məsələdir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, bəzi gənc ailələr isə uşaq əziyyəti çəkmək istəmirlər:
“Bu insanlar sadəcə öz həyatlarını düşünürlər. Bütün dünya xalqları içərisində o tendensiya var. Hesab edirəm ki, bununla bağlı maarifləndirmə işləri aparılmalı, qeyri-hökumət təşkilatları bu işlə ciddi şəkildə məşğul olmalı və partiyalar da diqqətdə saxlamalıdırlar. Bu məsələlər vaxtaşırı müzakirə olunmalı və təkliflər verməlidir. 

Vətəndaşların şəxsi həyatlarını qurmaqla yanaşı, millətin də qarşısında borcları var. Millətin sayının artması və sağlam gənclərin böyüməsində hər bir ailənin də özünün üzərinə vəzifələr düşür. Hər bir ailə özünün vəzifələrini yerinə yetirsə, problem aradan qalxar. Məncə, proses kompleks şəkildə həll olunmalıdır. Yəni həm rəsmi dövlət qurumları tərəfindən addımlar atılmalı, həm də ictimai səviyyədə də müəyyən işlər görülməlidir”.

Elmir Mustafa

0