Çinli fizik məkan-zamanın müəyyən modellərində keçmişə səyahəti mümkünsüz edən riyazi meyar irəli sürüb. Onun əsaslandırması cəmi üç sətirdən ibarət olsa da, nəticə yalnız müəyyən növ məkan-zaman həndəsələrinə aiddir.
HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Çinin Jinan Universitetinin alimi Xunşen Çjanın tədqiqatı “arXiv” elmi məqalələr platformasında dərc olunub. İş hələ elmi ekspertizadan keçməyib.
Ümumi nisbilik nəzəriyyəsinə görə, keçmişə qayıtmaq ehtimalı qapalı zamanabənzər əyrilərlə əlaqələndirilir. Bunlar müşahidəçinin işıq sürətini aşmadan hərəkət edərək başladığı hadisəyə yenidən qayıda biləcəyi nəzəri trayektoriyalardır.
Çjan öz araşdırmasında işığın yayılmasını təsvir etmək üçün istifadə olunan Eyconalı sıfır tənliyindən yararlanıb. O, məkan-zamanın elə həndəsələrini nəzərdən keçirib ki, burada araşdırılan bütün sahə boyunca müəyyən edilən və sıfırdan fərqli işıqvari qradiyentə malik vahid funksiya mövcud olur.
Alimin yanaşmasına əsasən, bu şərt ödənildikdə funksiyanın qiyməti zamanabənzər istənilən trayektoriya boyunca fasiləsiz dəyişməlidir. Buna görə də həmin trayektoriya qapalı ola bilməz. Çünki hərəkət başlanğıc nöqtəsinə qayıtdıqda funksiyanın həm ilkin, həm də dəyişmiş qiymətə malik olması kimi ziddiyyət yaranardı.
Tədqiqatın diqqətçəkən tərəflərindən biri odur ki, bu nəticəyə gəlmək üçün maddənin xüsusiyyətlərini ayrıca müəyyənləşdirməyə və ya onun enerji şərtlərindən istifadə etməyə ehtiyac qalmayıb.
Bununla belə, alimlərin nəticəsi zaman səyahətinə dair bütün nəzəri imkanları aradan qaldırmır. Təklif olunan meyar yalnız müvafiq funksiyanın araşdırılan məkan-zaman sahəsinin hər nöqtəsində mövcud olduğu və birmənalı şəkildə müəyyən edildiyi modellərə şamil olunur.
Samir


