Psixoloqlar insanların ünsiyyət zamanı tez-tez yol verdiyi və münasibətlərə mənfi təsir göstərən “bumeraskinq” (boomerasking) adlanan davranış formasını izah ediblər.
HİT.az xəbər verir ki, bu barədə "NőkLapja.hu" nəşri yazıb.
Mütəxəssislərin sözlərinə görə, bu anlayış “bumeranq” sözündən götürülüb və “bumer” nəsli ilə heç bir əlaqəsi yoxdur. Belə vəziyyətdə insan qarşı tərəfə sual verir, lakin cavabı dinləməkdə maraqlı olmur. Əvəzində söhbəti dərhal özünə yönəldərək şəxsi uğurları, problemləri və ya həyatından bir hadisəni danışmağa başlayır.
Psixoloqlar bu davranışın üç əsas növünü fərqləndirirlər.
Birinci növ öyünmək məqsədi daşıyır. Məsələn, şəxs qarşı tərəfdən imtahanı necə verdiyini soruşur, lakin dərhal öz yüksək nəticələri və əldə etdiyi nailiyyətlər barədə danışmağa başlayır.
İkinci növ şikayət xarakteri daşıyır. İnsan həmsöhbətinin işi və ya rəhbəri barədə sual versə də, məqsədi öz işindəki çətinliklərdən şikayət etmək olur.
Üçüncü növ isə neytral məlumat mübadiləsidir. Bu halda nə öyünmək, nə də şikayət etmək niyyəti olur. İnsan sadəcə söhbəti öz həyatı ilə bağlı məlumatlara yönəldir.
Mütəxəssislər bildirirlər ki, problemin özü insanın özündən danışmaq istəməsində deyil. Əsas narahatlıq yaradan məqam həmsöhbətin sualın səmimi maraqdan deyil, yalnız söhbəti başqa istiqamətə çevirmək üçün verildiyini hiss etməsidir.
Psixoloqlar qeyd edirlər ki, bəzi insanlar nəzakət xatirinə əvvəlcə sual verməyin daha düzgün olduğunu düşünürlər. Lakin bu davranış çox vaxt qarşı tərəfdə qeyri-səmimilik təəssüratı yaradır və onu söhbətin passiv iştirakçısı kimi hiss etdirir.
Mütəxəssislər bu vərdişdən yayınmaq üçün bir neçə tövsiyə verirlər. Onların fikrincə, danışmaq istədiyiniz maraqlı hadisə və ya xəbəri birbaşa bölüşmək, həqiqi maraq göstərərək suallar vermək və cavabları diqqətlə dinləmək, həmçinin söhbətdə diqqətin daim öz üzərinizdə cəmlənməməsinə çalışmaq daha sağlam ünsiyyətin formalaşmasına kömək edir.
Samir


