Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb

SOSİAL
15:00 / 09.07.2026
51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial layihəsi üzrə satışa çıxarılan mənzillərdən son aylarda daha 40-ı satılıb.

Bu barədə Hit.az-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu layihə çərçivəsində kvadratmetri bazar qiymətindən xeyli aşağı, yeni, təmirli, ipotekaya yararlı mənzillər satılır. Satışı hazırda davam edən, kvadratmetri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında olan mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərindədir.

Onların hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb. Çıxarışları olan bu mənzilləri ipoteka krediti ilə də almaq mümkündür.

Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilərsiniz. Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.

Mənzili bron edərək alan şəxs ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.

Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

0