Azərbaycanda ən çox və ən az maaş olan sahələr - SİYAHI

SOSİAL
18:40 / 14.07.2026
46
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 1175 manat təşkil edib.
 
HİT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Məlumata görə, ölkədə ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanlar orta hesabla 4405,7 manat əməkhaqqı alıblar. İkinci yerdə 3185,9 manat ilə maliyyə və sığorta fəaliyyəti, üçüncü yerdə isə 2133,6 manat ilə informasiya və rabitə sahəsi qərarlaşıb.
 
Əməkhaqqının orta ölkə göstəricisindən yüksək olduğu sahələr sırasında peşə, elmi və texniki fəaliyyət (1949,9 manat), dövlət idarəetməsi və müdafiə, sosial təminat (1734,7 manat), nəqliyyat və anbar təsərrüfatı (1570,7 manat), digər sahələrdə xidmətlərin göstərilməsi (1439,6 manat), daşınmaz əmlakla əlaqədar əməliyyatlar (1395,7 manat), tikinti (1244,9 manat), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (1150,4 manat) və emal sənayesi (1060,4 manat) yer alıb.
 
Ən aşağı orta aylıq əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sektorda çalışanların orta aylıq maaşı 749,7 manat olub. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlar orta hesabla 763,4 manat, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışanlar 800 manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində çalışanlar 812,9 manat, inzibati və yardımçı xidmətlər sahəsində çalışanlar 813,2 manat, təhsil sahəsində çalışanlar isə 825,4 manat əməkhaqqı alıblar.
 
Statistikaya əsasən, səhiyyə və sosial xidmətlər sahəsində orta aylıq əməkhaqqı 957 manat, istirahət, əyləncə və incəsənət sahəsində 893,9 manat təşkil edib.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər olub. Onlardan 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
 
Muzdla çalışan işçilərin 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışır. Qalan 15,1 faiz isə iqtisadiyyatın digər sahələrində məşğuldur.
 

0