Psixoloqların araşdırması: Kişilər niyə söhbət zamanı daha çox diqqəti yayındırırlar?

SOSİAL
21:18 / 15.07.2026
39

Avstraliyalı alimlər müəyyən ediblər ki, çoxtapşırıqlılıq şəraitində kişilər qadınlarla müqayisədə həmsöhbətlərini daha az diqqətlə dinləyir və onlara daha gec reaksiya verirlər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Psychological Research” jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər insanların eyni vaxtda bir neçə işi yerinə yetirdiyi gündəlik vəziyyəti modelləşdiriblər. İştirakçılar məlumat axtarır, müxtəlif tapşırıqları yerinə yetirir, deyilənləri izləyir və eyni zamanda söhbəti davam etdirməli olublar. Tədqiqata 78 kişi və qadın cəlb edilib.

Təcrübə zamanı hər 20 saniyədən bir iştirakçılara əvvəlcədən yazılmış və geniş cavab tələb edən suallar verilib. Məsələn: “10 dəqiqə gecikməyi, yoxsa 20 dəqiqə tez gəlməyi üstün tutardınız?” İştirakçılardan suallara real söhbət aparırmış kimi cavab vermələri istənilib.

Nəticələr göstərib ki, qadınlar bu tapşırığın öhdəsindən daha uğurla gəliblər. Onlar orta hesabla 28 sualdan təxminən 25-ni cavablandırıblar. Kişilər isə orta hesabla 20 suala cavab verə biliblər.

Beləliklə, qadınlar müraciətlərin təxminən 12 faizini, kişilər isə təxminən 28 faizini nəzərdən qaçırıblar. Bu göstərici kişilərdə iki dəfədən çox yüksək olub.

Araşdırma müəllifləri qeyd ediblər ki, kişilərin verdiyi cavabların keyfiyyəti qadınlardan geri qalmayıb. Əsas fərq onların söhbətdən daha tez “ayrılması”, yəni digər işlərə fokuslandıqları zaman verilən sualı ümumiyyətlə eşitməmələri və ya ona reaksiya verməmələri olub.

Tədqiqatın ikinci mərhələsində müstəqil müşahidəçilər də kişilərin söhbətə daha az cəlb olunduğunu, dialoqu davam etdirmək üçün daha az səy göstərdiyini və ünsiyyətdən daha az zövq aldığını bildiriblər.

Alimlərin fikrincə, kişilər şüuraltı şəkildə söhbəti digər fəaliyyətlərlə müqayisədə daha az vacib hesab edə və ya yerinə yetirdikləri işə o qədər diqqət yetirə bilərlər ki, onlara ünvanlanan nitqi sadəcə fərq etmirlər.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu nəticələr qadınların çoxtapşırıqlılıq şəraitində daha uğurlu olması ilə bağlı geniş yayılmış stereotipin müəyyən dərəcədə izahı ola bilər. Bununla yanaşı, onlar vurğulayıblar ki, müşahidə olunan fərq əsasən ünsiyyəti davam etdirmək bacarığına aiddir və digər tapşırıqların icrası ilə bağlı deyil.

Alimlərin qənaətincə, bu xüsusiyyət təkcə ailə həyatında deyil, həm də aviasiya, tibb və fövqəladə xidmətlər kimi fasiləsiz məlumat mübadiləsinin vacib olduğu peşələrdə də əhəmiyyət kəsb edə bilər.

Samir
 

0