İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb

SOSİAL
17:42 / 28.07.2026
49
I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 12 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
 
HİT.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
 
Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
 
Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
 
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 30300 abituriyentdən (I qrup üzrə 24997 nəfər, IV qrup üzrə 5303 nəfər) 916 nəfər (I qrup üzrə 764 nəfər, IV qrup üzrə 152 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
 
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 6057 abituriyentdən 1256 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.
 
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib. 400 bal toplayanların siyahısı ilə buradan tanış ola bilərsiniz.
 
I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697.5 bal toplayan 2 nəfər – Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə.Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı göstərib.
 
IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib.
 
Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
 
0