Boşanma ailə münasibətlərində yeni mərhələnin başlanğıcı olsa da, bu vəziyyət uşağın hər iki valideyni ilə ünsiyyət hüququnu aradan qaldırmır. Təəsüf ki, təcrübədə ən çox rast gəlinən mübahisələrdən biri ayrılmış valideynin övladı ilə görüşünə maneələrin yaradılmasıdır. Bəzən şəxsi münasibətlərdə yaranmış gərginlik uşağın maraqlarından üstün tutulur, nəticədə uşağa hər iki valideyn sevgi və qayğısını bərabər şəkildə verə bilmir.
Halbuki valideynlərin ayrı yaşaması onların valideynlik hüquq və vəzifələrini ləğv etmir. Uşağın hər iki valideyni ilə sağlam münasibət saxlaması onun psixoloji və sosial inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Bəs ayrılmış valideynlərin uşaqları ilə görüş hüququ necə qorunur?
Mövzu barədə Bizim.Media-ya danışan vəkil Ruslan Mustafayev deyib ki, hər bir valideynin öz övladı ilə ünsiyyətdə olmaq hüququ qanunvericilikdə təsbit olunub:
“Nikah pozulduqdan və ya faktiki nikah münasibətlərinə xitam verildikdən sonra uşaq valideynlərdən birinin yanında qalırsa, digər valideynin uşaqla görüşməsinə və ünsiyyət saxlamasına maneə yaradıldığı hallarda həmin valideyn məhkəməyə müraciət edə bilər. Məhkəmədən övladı ilə ünsiyyət üçün vaxtın müəyyən edilməsini tələb etmək hüququna malikdir”.
Onun sözlərinə görə, bu hüquq təkcə valideynlərə deyil, qanunvericiliyə əsasən nənə və babalara da şamil olunur. Onların da nəvələri ilə ünsiyyətdə olmaq hüququ qanunla qorunur:
“Valideynlər arasında razılıq olmadıqda, məhkəmə müvafiq rəyin alınması üçün rayon və ya şəhər icra hakimiyyətləri yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyasına müraciət edir. Komissiya araşdırma apararaq valideynin uşaqla görüşməsinə mane olan halların olub-olmaması barədə rəy təqdim edir.
Əgər belə maneələr müəyyən edilməzsə, komissiya uşağın mənafeyi nəzərə alınmaqla görüş qrafiki təklif edir. Məsələn, həftədə bir dəfə müəyyən saatlarla və ya bayram günlərində uşağın digər valideynlə vaxt keçirməsi tövsiyə oluna bilər. Məhkəmə də həmin rəy və işin digər halları əsasında qərar qəbul edərək valideynin övladı ilə ünsiyyət hüququnu müəyyən edir.”


