Gecə səkkiz saat yatmasına baxmayaraq səhərlər yorğun oyanmaq təkcə yuxu çatışmazlığı ilə bağlı olmaya bilər. Allergiya, yataq otağındakı havanın keyfiyyəti və yuxu zamanı tənəffüsün pozulması da bu vəziyyətə səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu barədə yuxu üzrə mütəxəssis, terapevt, Hindistanın Mumbay şəhərində yerləşən Lilavati Xəstəxanasının həkimi Puşkara A. Şikarkhane “The Times of India” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, toz, bitki tozcuqları və kif burun və tənəffüs yollarının selikli qişasında şişkinliyə səbəb olaraq nəfəs almağı çətinləşdirə bilər. İnsan uzanmış vəziyyətdə olduqda selikli qişalara qan axınının artması burun tənəffüsünü daha da çətinləşdirir. Bu proses isə yuxu zamanı hiss edilməyə bilər.
Səhərlər yorğun oyanmağın digər mümkün səbəbi obstruktiv yuxu apnesidir. Bu zaman insan yatarkən nəfəsi qısa müddətə dəfələrlə dayanır. Nəticədə yuxu tez-tez bölünür, orqanizmin bərpası üçün vacib olan dərin yuxu mərhələsinin müddəti azalır.
Mütəxəssis yuxu apnesinin əsas əlamətləri arasında güclü xoruldama, yuxuda boğulma hissi və nəfəsin fasilələrlə davam etməsini göstərib. Gecələr tez-tez tualetə getmək və gün ərzində həddindən artıq yuxululuq da bu problemdən xəbər verə bilər.
Həkim allergenlərin təsirini azaltmaq üçün yataq dəstlərinin mütəmadi yuyulmasını, kif yaranmasına səbəb olan su sızmalarının aradan qaldırılmasını və zərurət olduqda hava təmizləyicisindən istifadəni tövsiyə edib.
Onun sözlərinə görə, səhər yorğunluğu davam edirsə, xüsusilə xoruldama və tənəffüs pozuntuları ilə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır. Yuxu apnesindən şübhələnildikdə isə diaqnozun dəqiqləşdirilməsi üçün xüsusi yuxu müayinəsi aparıla bilər.
Samir


