Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə “Öndə Gənclər” İctimai Birliyi “Tanıt” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi mədəni sənayelərin rəqabətə dözümlülüyündə yaradıcı gənclərin rolunun gücləndirilməsidir.
Layihə Bakı və Sumqayıtda yaşayan, müxtəlif yaradıcı sahələri təmsil edən 24 gənc üçün nəzərdə tutulub və 12 moduldan ibarət praktiki təlim proqramını əhatə edir.
“Öndə Gənclər” İctimai Birliyinin sədri və layihənin təlimçisi Fərhad Abdulov bildirib ki, yaradıcı gənclərin bir qismi fəaliyyətini auditoriyaya aydın təqdim etməkdə çətinlik çəkir:
“Gənc nə hazırladığını deyə bilir, lakin bunun kimə lazım olduğunu, hansı ehtiyacı qarşıladığını və niyə məhz onun seçilməli olduğunu izah etməkdə çətinlik çəkir. Tanıt layihəsində iştirakçılar bu suallar üzərində öz məhsul və xidmətləri əsasında işləyəcəklər”.
Proqramın yekununda iştirakçılar üçün praktiki vörkşop keçiriləcək. Vörkşop zamanı hər bir iştirakçı əvvəlki modullarda əldə etdiyi nəticələri birləşdirərək 90 günlük yaradıcı karyera strategiyası hazırlayacaq.
Layihə haqqında ətraflı məlumat və yeniliklər “Öndə Gənclər” İctimai Birliyinin rəsmi instaqram səhifəsində (@ondegencler) hesabında paylaşılacaq.


