İnsanlar quşlarla danışa biləcək - Alimlər onların dilini deşifrə etməyə yaxındır

DÜNYA
18:18 / 12.11.2026
24

Alimlər süni intellektin köməyi ilə quşların ünsiyyət dilini araşdırır və onların səslərinin mənasını müəyyənləşdirməyə çalışırlar. Tədqiqatçılar artıq bəzi siqnalların aclıq, təhlükə, narahatlıq və sosial əlaqə ehtiyacı ilə bağlı olduğunu müəyyən ediblər. Bu araşdırma gələcəkdə insanlar və heyvanlar arasında ikitərəfli ünsiyyətin qurulmasına yol aça bilər.

HİT.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Tədqiqatın obyekti Avstraliyada yaşayan, kiçik ölçülü və sosial davranışları ilə seçilən zebra amadinləri olub. Kaliforniya Universitetinin Berkli kampusunda çalışan nevroloq Culi Eli on ildən artıqdır ki, bu quşların ünsiyyət xüsusiyyətlərini araşdırır.

Onun araşdırmaları nəticəsində zebra amadinlərinin bir-birinə məlumat ötürmək üçün istifadə etdiyi təxminən 11 fərqli səs siqnalı müəyyən edilib. Bu səslər aclıq, təhlükə, sosial münaqişələr, eləcə də digər quşlarla əlaqə yaratmaq və münasibətləri qorumaqla bağlıdır.

Eksperimentlər göstərib ki, quşlar bu 11 siqnalı yalnız səslənməsinə görə deyil, daşıdığı mənaya görə də fərqləndirirlər. Belə ki, onlar səslənməsi bir-birinə oxşayan, lakin fərqli məna ifadə edən siqnalları ayırd edə bilirlər. Əksinə, məzmun baxımından yaxın olan səsləri bəzən bir-biri ilə səhv salırlar.

Culi Elinin sözlərinə görə, bu nəticələr quşların səsləri sadəcə eşitmə və tanıma qabiliyyətinə malik olmadığını, onların mənasını da müəyyən dərəcədə anladığını göstərir.

Süni intellekt quşların dilini necə öyrənir?

Tədqiqatçılar on ildən artıq müddətdə toplanmış müşahidələri maşın öyrənməsi və süni intellekt texnologiyaları ilə birləşdiriblər. Nəticədə zebra amadinlərinin müxtəlif səslərini qruplaşdıran və konkret siqnalları müəyyən mənalarla əlaqələndirən audio lüğət hazırlanıb.

Daha sonra alimlər eksperimentlər keçirərək quşların bu siqnalları həqiqətən mənasına görə fərqləndirib-fərqləndirmədiyini yoxlayıblar.

Araşdırma göstərib ki, süni intellekt səsləri ton, ritm və digər akustik xüsusiyyətlərinə görə təhlil edə bilsə də, onların mənasını müəyyənləşdirmək üçün quşların davranışlarını da izləmək vacibdir. Məsələn, eyni səsin hansı şəraitdə çıxarılması və digər quşların buna necə reaksiya verməsi siqnalın məzmununu anlamağa kömək edir.

İnsanlarla heyvanlar arasında yeni ünsiyyət mərhələsi

Alimlər hesab edirlər ki, konkret siqnalların mənasının etibarlı şəkildə müəyyənləşdirilməsi gələcəkdə insanların quşların anlaya biləcəyi səslər yaratmasına imkan verə bilər. Beləliklə, ünsiyyət yalnız heyvanların davranışlarını müşahidə etməklə məhdudlaşmaya, qarşılıqlı dialoqa çevrilə bilər.

Bununla belə, tədqiqatçılar bu məqsədə çatmaq üçün hələ çox iş görülməli olduğunu vurğulayırlar.

Culi Eli 2026-cı ildə heyvanlarla ikitərəfli ünsiyyət sahəsindəki elmi nailiyyətlərinə görə 100 min dollar məbləğində Coller Dolittle mükafatına layiq görülüb. Mükafat heyvanlarla ünsiyyət qurmağa imkan verəcək texnologiyaların hazırlanmasına töhfə verən tədqiqatları qiymətləndirir.

Samir

0