"Əmək pensiyaları haqqında" qanuna dəyişikliyin məqsədi diferensial indeksasiyanı tətbiq etməkdir.
Bunu İqtisadiyyat.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Qanun layihəsinin parlamentin 30 sentyabrda keçirilən iclasında birinci oxunuşda qəbul edildiyini xatırladan deputat bildirib ki, yenə də pensiyanı indeksləşdirilən zaman orta aylıq əməkhaqqındakı artım faizi nəzərə alınacaq:
"Ancaq yanaşma fərqli olacaq. Belə ki, orta aylıq əməkhaqqı məbləğində pensiya alan vətəndaşlarımızın pensiya məbləğləri tam olaraq indeksləşdiriləcək. Orta aylıq əməkhaqqından, yəni 1170 manatdan 5000 manatadək olduqda 0.5 əmsalı, 5000 manatdan çox olduqda isə 0.2 əmsalından istifadə olunacaq".
Deputat söyləyib ki, burada məqsəd nisbətən az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artıma nail olunması və aşağı pensiya ilə yuxarı pensiya arasında fərqin azaldılması, nəticə etibarilə də median pensiya məbləğini artırmaqdan ibarətdir:
"O baxımdan orta aylıq əməkhaqqı artıqca, tam indeksləşmənin tətbiq olunduğu pensiya məbləğlərində də artımlar müşahidə olunacaq. Amma bütövlükdə orta aylıq əməkhaqqı, yəni 1170 manatadək pensiya alan vətəndaşlarımızın pensiyaları tam olaraq indeksləşdirilir və bu, pensiya alanların 90%-dən çoxunu təşkil edir. Çünki pensiya alanların 90%-dən çoxunun pensiyası orta aylıq əməkhaqqı məbləğindən azdır.
Amma orta aylıq əməkhaqqı məbləğindən qeyd etdiyimiz kimi çox olan pensiya məbləğləri üçün diferensial əmsalların tətbiqi həyata keçiriləcək".


