İspaniyanın Qranada vilayətində adi uşaq meydançası kimi görünən ərazinin altında narkotik yetişdirilməsi üçün istifadə olunan böyük gizli obyekt aşkarlanıb. Təxminən 180 kvadratmetr sahəni əhatə edən yeraltı məkanın hətta avtomobillərin daxil ola biləcəyi xüsusi girişi olub.
HİT.az xəbər verir ki, bu barədə “El Diario Vasco” nəşri məlumat yayıb.
Hadisə Qranada şəhərinin Las Qabias rayonunda baş verib. İspaniya Mülki Qvardiyasının keçirdiyi əməliyyat zamanı məlum olub ki, yaşayış evlərindən birinin geniş həyətində salınan uşaq oyun meydançası yeraltı qanunsuz istehsal obyektini gizlətmək məqsədi daşıyıb.
Süni ot örtüyü, yelləncəklər, oyuncaq ev və digər uşaq əyləncə vasitələri ilə təchiz edilən meydançanın altında hidravlik sistemlə açılan xüsusi qapaq yerləşdirilib. Bundan başqa, obyektə daxil olmaq üçün əl ilə işlədilən kiçik giriş də qurulub.
Qapaq açıldıqda avtomobillərin yeraltına enməsinə imkan verən rampa üzə çıxıb. Təxminən 180 kvadratmetr sahəsi və beş metr hündürlüyü olan obyektdə iki ayrı bölmə yaradılıb. Məkan havalandırma, iqlimə nəzarət və işıqlandırma sistemləri ilə təchiz edilib.
Rəsmilər aşkarlanan qurğunu Qranada vilayətində indiyədək üzə çıxarılan ən böyük və texniki baxımdan ən mürəkkəb qanunsuz bitki yetişdirmə obyektlərindən biri kimi qiymətləndiriblər.
İstintaq zamanı cinayətkar qrupun obyektin yüksək enerji tələbatını gizlətmək üçün qanunsuz elektrik xətti çəkdiyi də müəyyən edilib. İqlimə nəzarət və işıqlandırma avadanlıqlarının işləməsi üçün yaxınlıqdakı elektrik dirəyindən qeyri-qanuni qoşulma edilib.
Araşdırmaçıların hesablamalarına görə, bu xətt vasitəsilə istifadə olunan elektrik enerjisinin həcmi təxminən 100 evin orta istehlakına bərabər olub.
“Nazarí-Sabika 04” adı verilən əməliyyat bir ildən artıq davam edən istintaqdan sonra noyabrın 17-də həyata keçirilib. Qranada şəhəri ilə yanaşı, Albolote, Hun, Marasena və Las Qabias rayonlarında ümumilikdə 13 ünvanda eyni vaxtda axtarış aparılıb.
Əməliyyat nəticəsində beş nəfər saxlanılıb, daha üç nəfər barəsində araşdırma başlanıb. Cinayətkar qrupun rəhbəri olduğu ehtimal edilən şəxs barəsində isə həbs qətimkan tədbiri seçilib.
Axtarışlar zamanı üç qanunsuz yetişdirmə məntəqəsindən ümumilikdə 2 479 bitki götürülüb. Həmçinin 22 970 avro nağd pul, iki avtomobil, iki mikroavtobus, bir karvan və bir qoşqu müsadirə edilib. Əməliyyat zamanı elektroşok funksiyalı qadağan olunmuş silah da aşkarlanıb.
İstintaq çərçivəsində qrupun rəhbərinə məxsus olduğu bildirilən kommersiya müəssisəsi də möhürlənib. Milyonlarla avro dəyərində olduğu qeyd edilən bu obyektin qanunsuz istehsal üçün avadanlıq, gübrə və texniki təchizat satdığı müəyyənləşdirilib. Müəssisənin təkcə həmin qrupun deyil, İspaniyanın digər bölgələrində fəaliyyət göstərən cinayətkar şəbəkələrin də təchizatçısı olduğu ehtimal edilir.
Saxlanılan şəxslərə narkotik istehsalı və satışı, qanunsuz elektrik istifadəsi, qadağan olunmuş silah saxlama və cinayətkar təşkilata üzvlük ittihamları irəli sürülüb. Операsiya Qranada Mülki Qvardiyasının kriminal təhlil və kəşfiyyat qrupu ilə Las Qabias bölməsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.
Samir


