Keçmiş sevgilini sosial şəbəkələrdə izləmək ayrılıq ağrısını uzada bilər

SOSİAL
23:15 / 26.11.2026
47

Keçmiş partnyorun sosial şəbəkə hesablarını mütəmadi yoxlamaq zamanla vərdişə, hətta insanın dayandıra bilmədiyi obsesiv davranışa çevrilə bilər.

HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşrinə “SM-Klinika”nın psixoloqu Diana Lobanova danışıb.

Mütəxəssisin sözlərinə görə, insanlar keçmiş sevgililərinin paylaşımlarını izləməklə vəziyyətə nəzarət etdikləri barədə yanlış təsəvvürə qapıla bilərlər. Onlar qarşı tərəfin darıxıb-darıxmadığını, yeni münasibətə başlayıb-başlamadığını və ayrılığa görə peşman olub-olmadığını öyrənməyə çalışırlar. Bu davranışın arxasında barışmaq ümidi, qısqanclıq və ya keçmiş partnyorun da əziyyət çəkdiyinə əmin olmaq istəyi dayana bilər.

Psixoloq bildirir ki, insanın qarşı tərəfin səhifəsinə təkrar-təkrar daxil olması narahatlıq doğuran əlamətdir. Belə hallarda paylaşımları görmək kədər, qəzəb və qısqanclıq yaratsa da, insan qısa müddət sonra yenidən həmin hesabı yoxlamağa qayıdır. Müvəqqəti rahatlıq hissi isə bu davranışı daha da möhkəmləndirir.

Lobanovanın sözlərinə görə, araşdırmalar keçmiş partnyorun sosial şəbəkələrdə davamlı izlənilməsini ayrılığın daha ağır keçirilməsi, həsrət hissinin artması və emosional bərpanın ləngiməsi ilə əlaqələndirir. Bununla belə, bu tədqiqatlar həmin davranışın bütün hallarda problemlərin birbaşa səbəbi olduğunu sübut etmir.

Problem insan gündə bir neçə dəfə keçmiş sevgilisinin hesabını yoxladıqda, özünü bu vərdişdən saxlaya bilmədikdə, yuxusu pozulduqda və işinə diqqət yetirməkdə çətinlik çəkdikdə daha ciddi xarakter alır. Saxta profillərdən istifadə etmək, ortaq tanışlardan məlumat toplamaq, qarşı tərəfin yerləşdiyi məkanı izləmək və əlaqə saxlamamaq barədə açıq xahişə baxmayaraq bunu davam etdirmək də şəxsi sərhədlərin pozulmasıdır.

Mütəxəssis bu vərdişdən uzaqlaşmaq üçün keçmiş partnyorun paylaşımlarını müvəqqəti gizlətməyi, onu izləmədən çıxmağı, axtarış tarixçəsindən profilini silməyi və ortaq fotolarla bağlı bildirişləri söndürməyi tövsiyə edir. Uşaqlar, əmlak və ya digər zəruri məsələlərə görə ünsiyyət qaçılmazdırsa, əlaqəni bir kanalla məhdudlaşdırmaq və danışılacaq mövzuları əvvəlcədən müəyyənləşdirmək məqsədəuyğundur.

Psixoloq əlavə edib ki, izləmə davranışı aylarla davam edir, güclü narahatlıq, ruh düşkünlüyü yaradır və ya yeni münasibətlər qurmağa mane olursa, mütəxəssisə müraciət etmək lazımdır. Əsas məqsəd keçmişi dərhal unutmaq deyil, ayrılıqla barışmaq və diqqəti yenidən şəxsi həyata yönəltməkdir.

Samir
 

0