Yay mövsümünün başlaması ilə ağıllı telefonların suya davamlılıq xüsusiyyətləri yenidən gündəmə gəlib. Bir çox istifadəçi IP68 kimi yüksək qoruma sertifikatlarına güvənərək cihazını dənizdə və ya hovuzda rahat istifadə edə biləcəyini düşünsə də, reallıq fərqlidir.
HİT.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, flaqman modellərin qutularında və təqdimat materiallarında göstərilən IP68 kimi sertifikatlar cihazın müəyyən şərtlər altında suya davamlı olduğunu göstərsə də, bu, onun istənilən şəraitdə sudan zədələnməyəcəyi anlamına gəlmir.
Bundan əlavə, istehsalçıların əksəriyyəti maye təması nəticəsində yaranan nasazlıqları zəmanət çərçivəsinə daxil etmir. Belə hallarda istifadəçilər bahalı təmir xərcləri ilə üzləşə bilərlər.
Suya davamlılıq dərəcələri Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) müəyyən etdiyi standartlara əsasən qiymətləndirilir. IP kodunda ilk rəqəm cihazın toza, ikinci rəqəm isə suya qarşı davamlılığını göstərir. Məsələn, IP68 sertifikatı toza qarşı ən yüksək səviyyəli qorunmanı və müəyyən dərinlikdə suya davamlılığı ifadə edir.
Lakin bu sınaqlar laboratoriyada, otaq temperaturunda, kimyəvi maddələrdən təmizlənmiş durğun şirin suda aparılır. Gündəlik həyatda isə şərait tamamilə fərqlidir.
Dəniz suyundakı yüksək duz tərkibi telefonun qoruyucu contalarını zamanla aşındıra bilər. Hovuz suyunda olan xlor və digər dezinfeksiyaedici maddələr də eyni təsiri göstərərək cihazın su izolyasiyasını zəiflədə bilər.
Bundan başqa, dalğalı dənizdə və ya hərəkətli hovuzda yaranan təzyiq laboratoriyadakı sakit sudan daha güclü təsir göstərir. Telefon əvvəllər zərbə alıbsa və korpusunda gözlə görünməyən mikroskopik çatlar yaranıbsa, suyun içəri sızması daha da asanlaşır.
Mütəxəssislər bildirirlər ki, hətta IP68 və ya IP69 sertifikatına malik ən yeni flaqman modellər də belə dinamik amillər qarşısında həssas qala bilər. Buna görə də sertifikatın səviyyəsindən asılı olmayaraq, telefonun su ilə təmasını mümkün qədər minimuma endirmək tövsiyə olunur.
Samir


