"Tinder" qadınların narazılığına görə süni intellekt foto redaktəsindən imtina etdi

TEXNO
18:30 / 31.07.2026
43

"Tinder" tanışlıq platforması istifadəçi şəkillərini süni intellekt vasitəsilə avtomatik yaxşılaşdıran "Photo Enhance" funksiyasının tətbiqini istifadəçilərin bir qisminin mənfi reaksiyasından sonra dayandırıb. 

HİT.az u barədə "PetaPixel" nəşri məlumat yayıb.

ABŞ sakini Ceni Rubin bildirib ki, bir aylıq fasilədən sonra "Tinder" tətbiqinə daxil olarkən "Photo Enhance" funksiyasının profilindəki şəkillərdən birini avtomatik emal etdiyi barədə bildiriş alıb. Onun sözlərinə görə, əldə olunan nəticə onu şoka salıb, çünki şəkil orijinaldan nəzərəçarpacaq dərəcədə fərqlənib.

"Bu, çox qorxulu görünürdü. Bunlar mənim dişlərim deyil. Ağzım da əslində belə görünmür", deyə Rubin bildirib.

Daha sonra o, bununla bağlı "TikTok" platformasında video yayımlayıb. Paylaşıma çoxsaylı şərhlər gəlib və digər "Tinder" istifadəçiləri də oxşar problemlə qarşılaşdıqlarını bildiriblər. Bəzi istifadəçilər isə eyni vəziyyətin digər tanışlıq tətbiqlərindəki süni intellekt funksiyalarında da yaşandığını qeyd ediblər.

"Tinder" şirkəti açıqlamasında bildirib ki, "Photo Enhance" funksiyası istifadəçilərin xarici görünüşünü dəyişdirmək üçün deyil, profil şəkillərini daha aydın və işıqlandırılmış göstərmək məqsədi daşıyır.

Bununla belə, "PetaPixel" qeyd edir ki, müasir süni intellekt əsaslı görüntü generatorlarının əksəriyyəti orijinal fotonu sadəcə redaktə etmir, onun əsasında yeni görüntü yaradır. Bu səbəbdən yüksək realizmə baxmayaraq, üz cizgilərində nəzərəçarpacaq dəyişikliklər yarana bilər.

Samir
 

0