Məşhur AnTuTu bençmark xidməti (cihazların məhsuldarlığını yoxlayan platforma) 2026-cı ilin iyul ayı üçün Android əməliyyat sistemi ilə işləyən ən performanslı smartfonların reytinqini açıqlayıb.
HİT.az xəbər verir ki, siyahının lideri "iQOO" brendinin yeni modeli "iQOO 15 Ultra" olub. Smartfon testlərdə 4,12 milyon bal toplayıb.
Cihaz yüksək texniki göstəriciləri ilə seçilir: 16 GB operativ yaddaş, "Snapdragon 8 Elite Gen 5" prosessorunun ən yeni versiyası, 100 Vt simli sürətli şarj dəstəkli 7400 mAh tutumlu silikon-karbon batareya, həmçinin "Ice Dome" aktiv soyutma sistemi.
İkinci yeri 4,08 milyon balla "RedMagic 11S Pro+" modeli tutub. Bu cihaz gücləndirilmiş "Snapdragon 8 Elite Gen 5" prosessoru, nazik korpusda yerləşdirilmiş böyük tutumlu batareyası və ikiqat istilikötürmə arxitekturası ilə oyun həvəskarları üçün nəzərdə tutulmuş müasir həll kimi təqdim olunur.
Üçlüyü isə 4,06 milyon bal nəticə göstərən standart "iQOO 15" modeli tamamlayıb.
İlk onluqda qalan yerlər isə belə bölünüb:
* "Vivo X300 Ultra"
* "Realme GT 8 Pro"
* "Honor WIN"
* "Oppo Find X9 Ultra"
* "Honor Magic 8 Pro"
* "Honor Magic 8"
* "OnePlus 15"
Maraqlıdır ki, siyahının bütün on iştirakçısı "Snapdragon 8 Elite Gen 5" prosessoru əsasında hazırlanmış cihazlar olub.
"AnTuTu" həmçinin orta səviyyəli ən sürətli Android smartfonlarının reytinqini də yeniləyib. Bu siyahının bütün on pilləsində "MediaTek" prosessoru ilə təchiz edilmiş cihazlar yer alıb.
Reytinqin lideri "Honor 600 Pro" olub. Onun ardınca "OPPO Reno 16" və "Honor WIN Turbo" modelləri qərarlaşıb.
Ekspertlər həmçinin bildiriblər ki, 200 dollarlıq bəzi smartfonlar əksər istifadəçilərin gündəlik ehtiyaclarını tam ödəyə bilər. Belə cihazlar uzun batareya ömrü, simsiz şarj dəstəyi və büdcə seqmentində nadir rast gəlinən funksiyalar təklif edir.
Bundan əlavə, istifadəçilərə 2030-cu ildən sonra belə köhnəlməyəcək 4 Android flaqman modeli tövsiyə olunub. Siyahıya həm qiyməti ucuzlaşmış əvvəlki nəsil flaqmanlar, həm də uzunmüddətli proqram təminatı dəstəyi ilə seçilən yeni modellər daxil edilib.
Samir


