Yeni monitor alarkən yalnız reklam və marketinq vədlərinə əsaslanmaq düzgün seçim etməyə kifayət etmir. Mütəxəssislər bildirirlər ki, monitor seçimi istifadə məqsədinə uyğun aparılmalıdır.
HİT.az xəbər verir ki, ekran növü, təsvir ölçüsü, yenilənmə tezliyi və panel texnologiyası kimi xüsusiyyətlər seçim zamanı əsas rol oynayır.
Ekran ölçüsü və təsvir keyfiyyəti
Hazırda ən geniş yayılmış təsvir ölçüsü "Full HD" (1920×1080) hesab olunur. Bundan sonra "QHD" və ya "2K" (2560×1440), daha yüksək səviyyədə isə "4K" (3840×2160) monitorlar gəlir.
Təsvir ölçüsü artdıqca görüntünün dəqiqliyi yüksəlir, lakin cihazın qiyməti də artır.
Bundan əlavə, bazarda düz ekranlarla yanaşı əyri (curved) və ultra geniş monitorlar da mövcuddur. Əyri ekranlar xüsusilə oyun və film izləmək üçün daha immersiv görüntü təqdim edir. Ultra geniş monitorlar isə eyni vaxtda bir neçə proqramla işləyən istifadəçilər üçün əlverişli hesab olunur.
Yenilənmə tezliyi hər kəs üçün vacib deyil
Monitorun yenilənmə tezliyi (Hz) görüntünün saniyədə neçə dəfə yeniləndiyini göstərir.
Standart monitorlar adətən 60 Hz tezliyə malik olur. Bazarda 75 Hz, 144 Hz, 240 Hz və hətta 360 Hz tezliyə malik modellər də mövcuddur.
Mütəxəssislərin fikrincə, yüksək yenilənmə tezliyi əsasən rəqabətli oyunlarla məşğul olan istifadəçilər, video montajı və animasiya sahəsində çalışan peşəkarlar üçün üstünlük yaradır.
Panel texnologiyasının fərqləri
Müasir monitorlarda əsasən aşağıdakı panel texnologiyalarından istifadə olunur:
* "IPS" – daha dəqiq rəng ötürülməsi təmin edir və qrafik dizayn, foto və video redaktəsi üçün uyğundur.
* "VA" – daha dərin qara rənglər və yüksək kontrast təqdim edir.
* "TN" – aşağı cavab müddəti sayəsində xüsusilə e-idman həvəskarları tərəfindən seçilir.
* "OLED" – yüksək kontrast və parlaq görüntü təqdim etsə də, qiyməti daha yüksək olur.
* "Mini-LED" – arxa işıqlandırma texnologiyası sayəsində yüksək parlaqlıq və kontrast təklif edir.
Bağlantı imkanları da önəmlidir
Monitor seçərkən qoşulma portlarına da diqqət yetirmək lazımdır.
Müasir modellərdə əsasən "HDMI" və "DisplayPort" girişləri istifadə olunur. Köhnə nəsil "VGA" və "DVI" portları isə getdikcə daha az yayılıb.
Monitorun istifadə ediləcək kompüterin videokartı ilə uyğun olması vacibdir.
Bundan əlavə, "NVIDIA G-Sync" və "AMD FreeSync" texnologiyalarını dəstəkləyən monitorlar videokartla sinxron işləyərək görüntüdə qırılma və donmaların qarşısını almağa kömək edir.
Düzgün seçim necə edilməlidir?
Mütəxəssislər hesab edirlər ki, monitor seçərkən kompüterin texniki imkanları və istifadə məqsədi nəzərə alınmalıdır. Ofis işləri və gündəlik istifadə üçün münasib qiymətli modellər kifayət etdiyi halda, peşəkar qrafik işləri və oyunlar üçün daha yüksək texniki göstəricilərə malik monitorlara ehtiyac yaranır.
Samir


