Smartfonun simsiz enerji doldurulması kabellərdən istifadə etmədən cihazı enerji ilə təmin etməyə imkan verdiyi üçün rahat alternativ hesab olunur. Bununla belə, bu texnologiyanın satınalma qərarı verməzdən əvvəl nəzərə alınmalı olan bir sıra çatışmazlıqları var.
HİT.az xəbər verir ki, bu barədə "BGR" nəşri yazır.
Simsiz enerji doldurma uzun müddətdir smartfonlarda istifadə olunur və sadə istifadəsinə görə geniş yayılıb. Buna baxmayaraq, bir çox istifadəçi hələ də ənənəvi kabel vasitəsilə enerji doldurma üsuluna üstünlük verir.
Mütəxəssislər simsiz enerji doldurmanın üç əsas mənfi cəhətini qeyd edirlər.
Birinci çatışmazlıq ondan ibarətdir ki, enerji doldurularkən telefondan rahat istifadə etmək mümkün olmur. Smartfon enerji doldurma platformasının üzərində qalmalıdır və düzgün işləməsi üçün yerini dəyişdirmək tövsiyə edilmir.
Bəzi simsiz enerji doldurucular stend formasında hazırlanıb və telefondan istifadəni müəyyən qədər asanlaşdırır. Lakin onlar kabel vasitəsilə enerji doldurmada olduğu kimi cihazı sərbəst şəkildə əldə saxlamağa imkan vermir.
İkinci çatışmazlıq enerji doldurma sürəti ilə bağlıdır. Simsiz enerji doldurma texnologiyası bu sahədə hələ də kabeldən geri qalır. Uzun müddət bu qurğular maksimum 15 Vt gücü dəstəkləyib və yalnız 2025-ci ildə "Qi2.2" standartının tətbiqindən sonra 25 Vt gücə çatıb.
Qalın telefon örtükləri də enerji doldurma sürətini azalda və ya prosesi tamamilə dayandıra bilər. Bunun əksinə olaraq, müasir kabel vasitəsilə enerji doldurma texnologiyaları daha yüksək göstəricilər təqdim edir. Bəzi smartfonlar 40 Vt, bəzi "Android" modelləri isə 240 Vt gücə qədər dəstək verir.
Üçüncü çatışmazlıq istilik yaranmasıdır. Simsiz enerji doldurucular təhlükəsiz hesab olunsa da, işləyərkən daha çox istilik yaradır. Uzunmüddətli yüksək temperatur batareyanın daha tez köhnəlməsinə səbəb ola bilər.
Mütəxəssislər istiliyin azalması üçün enerji doldurarkən telefon örtüyünün çıxarılmasını tövsiyə edirlər. Bundan əlavə, simsiz enerji doldurma daha az səmərəlidir. Enerjinin bir hissəsi maqnit sahəsi vasitəsilə ötürülmə zamanı itirilir.
Məlumata görə, simsiz enerji doldurmanın səmərəliliyi təxminən 70 faiz təşkil edir. Kabel vasitəsilə enerji doldurmada isə enerji itkisi adətən 5–10 faiz səviyyəsində olur. Buna görə də kabeldən istifadə həm daha sürətli, həm də daha enerjisəmərəli seçim hesab edilir.
Samir


