Süni intellekt sahəsində artan tələbat yaddaş çipləri bazarında ciddi təzyiq yaradıb.
HİT.az xəbər verir ki, sənaye mənbələrinə istinadən "DigiTimes" nəşrinin yaydığı məlumata görə, dünyanın üç ən böyük yaddaş istehsalçısı – "Samsung", "SK hynix" və "Micron" şirkətlərinin 2027-ci il üçün ayırdığı bütün "DRAM" və "HBM" istehsal gücü artıq tam satılıb.
Bildirilir ki, şirkətlərin 2027-ci ildə istehsal edəcəyi bütün yaddaş çipləri üzrə müqavilələr əvvəlcədən bağlanıb və hazırda əlavə istehsal gücü planlaşdırılmır.
Süni intellekt tələbatı istehsalı üstələyib
Məlumata görə, yaddaş bazarı yaxın illərdə ən çətin dövrlərindən birinə hazırlaşır. Süni intellekt sistemlərində istifadə olunan yüksək ötürmə qabiliyyətli yaddaş ("HBM") və "DRAM" çiplərinə tələbat istehsal imkanlarını əhəmiyyətli dərəcədə üstələyib.
İstehsalçılar böyük müştərilərlə beş ilə qədər davam edən uzunmüddətli tədarük müqavilələri bağladıqları üçün yeni sifarişlər üçün boş istehsal gücü tapmaq getdikcə çətinləşir.
Şirkətlər yaddaş çipi tapmaqda çətinlik çəkə bilər
Adətən texnologiya şirkətləri iyul-avqust aylarında növbəti il üçün yaddaş sifarişlərini dəqiqləşdirirlər. Lakin bu il bir çox şirkətin 2027-ci il üçün ehtiyac duyduğu istehsal gücünü əldə edə bilməyəcəyi bildirilir.
Mənbənin məlumatına görə, adı açıqlanmayan bəzi iri süni intellekt şirkətləri və məlumat mərkəzlərinin operatorları "HBM" tədarükünü təmin etmək üçün istehsalçılara daha yüksək qiymətlər təklif edirlər.
İstehlak elektronikası da təsirlənə bilər
Hesabata əsasən, yaranmış vəziyyət təkcə süni intellekt sektoruna təsir göstərməyəcək. 2027-ci ildə kompüterlərdə, noutbuklarda və smartfonlarda istifadə olunan "DRAM" yaddaşının həcminin 2026-cı illə müqayisədə nəzərəçarpacaq dərəcədə azala biləcəyi qeyd olunur.
Məlumatların saxlanılması üçün istifadə olunan "NAND Flash" yaddaşı üzrə də oxşar təzyiq müşahidə edilir. Problemin "DRAM" qədər ciddi olmadığı bildirilsə də, 2027-ci il üçün ayrılmış "NAND Flash" istehsal gücünün də 2026-cı ilin avqust ayının sonunadək tam dolacağı gözlənilir.
Mütəxəssislərin fikrincə, bu vəziyyət yaxın illərdə texnologiya istehsalçıları arasında komponent tədarükü uğrunda rəqabəti gücləndirə və yaddaş çiplərinin qiymətlərinin artmasına səbəb ola bilər.
Samir


