Çox isti çay və ya qəhvə içmək vərdişinin qida borusu xərçəngi riskini artırdığı məlumdur, lakin gündəlik istehlak zamanı belə mütləq risk nisbətən aşağı — təxminən 3 faizdir.
HİT.az xəbər verir ki, bu barədə britaniyalı terapevt Oskar Dyuk "BBC Morning Live" proqramının efirində danışıb.
Müzakirəyə səbəb çox isti içkilərdən müntəzəm istifadə edən insanlarda qida borusunun yastı hüceyrəli xərçəngi riskinin təxminən üç dəfə yüksək olduğunu göstərən araşdırma olub. Lakin Dyukun sözlərinə görə, bu rəqəm real riski olduğundan daha böyük göstərə bilər.
"Araşdırma yalnız yastı hüceyrəli xərçəngə aid idi. Bu, qida borusu şişlərinin əsas növlərindən biridir və belə halların təxminən 30 faizini təşkil edir. Buna görə nisbi riskin üç dəfə artması insanın qida borusu xərçənginə tutulma ehtimalının bir faizdən üç faizə yüksəlməsi deməkdir, bir faizdən üç dəfə artması deyil", — ekspert izah edib.
Həkim nümunə olaraq bildirib ki, bu növ xərçəngin ilkin inkişaf riski təxminən 1 faizdirsə, çox isti içkilərdən müntəzəm istifadə zamanı bu göstərici təxminən 3 faizə qədər arta bilər. Bununla belə, söhbət statistik risk qiymətləndirməsindən gedir. Bu, isti qəhvə sevən hər 100 nəfərdən üçünün mütləq xəstələnəcəyi anlamına gəlmir.
Dyuk vurğulayıb ki, problem çayın və ya qəhvənin özündə deyil, onların temperaturundadır. Çox isti mayenin qida borusunun selikli qişasına müntəzəm təsiri zədələnməyə səbəb ola və nəzəri olaraq şiş dəyişikliklərinin inkişafına şərait yarada bilər.
Potensial riski azaltmaq üçün həkim içkini qəbul etməzdən əvvəl bir qədər soyutmağı və ya ona soyuq süd əlavə etməyi tövsiyə edir. Bununla yanaşı, çay və qəhvənin özləri onkoloji xəstəliklərin yaranmasına səbəb olan amillər hesab edilmir.
Mütəxəssisin sözlərinə görə, xərçəngin profilaktikasında daha əhəmiyyətli amillər siqaretdən imtina və alkoqoldan orta səviyyədə istifadədir. Buna görə isti çay və ya qəhvə sevənlərin sevimli içkilərindən tamamilə imtina etməsinə ehtiyac yoxdur — onları yandıracaq dərəcədə isti içməmək kifayətdir.
Samir


