Dünyanın bir çox bölgəsində, xüsusilə də Avropada hökm sürən güclü isti hava dalğası fonunda yay istirahəti üçün həm sərinlik, həm də müxtəlif təcrübələr təqdim edən məkanlara maraq artır. Türkiyə isə bu baxımdan təkcə dəniz istirahəti ilə deyil, zəngin təbiəti və fərqli turizm imkanları ilə seçilən ideal istiqamətlərdən biri kimi diqqət çəkir.
Günəşli sahilləri, büllur kimi təmiz dənizi və komfortlu kurortları ilə tanınan Türkiyə klassik yay tətili üçün bütün imkanları təqdim edir. Egey sahilləri və Türk Rivyerasında Aralıq dənizi iqlimi sərin dəniz mehinin və saf suların təsiri ilə daha rahat hava şəraiti yaradır ki, bu da isti yay günlərində dincəlmək istəyənlər üçün əlverişli mühit formalaşdırır.
Lakin Türkiyədə yay tətili yalnız çimərliklə məhdudlaşmır. Ölkənin zəngin coğrafiyası və fərqli mikroiqlim zonaları səyahətçilərə eyni səfər ərzində tamamilə müxtəlif təcrübələr yaşamaq imkanı verir. Sərin dağ məkanları və yaşıl yaylaqlardan qədim arxeoloji abidələrə, aktiv təbiət marşrutlarından zəngin qastronomiya mədəniyyətinədək uzanan geniş seçimlər sayəsində istirahətinizi həm dəniz sahilində keçirmək, həm də daha sərin bölgələri kəşf etmək mümkündür.
Türkiyənin Egey sahillərində yay mövsümü sərin dəniz mehi, büllur kimi təmiz sular və canlı sahil həyatı ilə fərqli ab-hava yaradır. Ölkənin turizm mərkəzlərindən olan Muğla vilayəti Marmarisdən Fəthiyyəyədək uzanan məşhur kurortları ilə unudulmaz yay istirahəti vəd edir.
Lüks tətilin simvoluna çevrilmiş Bodrum isə Egey sahillərinin ən seçilən ünvanlarından biri olaraq diqqət çəkir. Yarımada üzərində yerləşən bu məşhur kurort şəhəri sərin iqlimi, zərif atmosferi və şəffaf Egey dənizi ilə istirahətə yeni məna qazandırır.
Bodrumda qonaqlar ağ rəngli evlərlə bəzənmiş dar və füsunkar küçələrdə gəzə, "Mavi Səyahət" marşrutları ilə gizli koyları kəşf edə, Egey dənizinin dərinliklərində zəngin sualtı aləmlə tanış ola və MICHELIN bələdçisində yer alan restoranlarda Egey mətbəxinin ləziz təamlarından zövq ala bilərlər.
Türkiyənin Egey bölgəsinin incisi sayılan İzmir də yay aylarında sərin havası və zəngin turizm imkanları ilə seçilir. Foçadan Çeşməyədək uzanan sahil xətti boyunca yerləşən məşhur kurortlar hər zövqə uyğun istirahət imkanları təqdim edir. Xüsusilə Foça sakit atmosferi, Egey dənizindən əsən sərin meh və təravətləndirici suları ilə dənizkənarı istirahət üçün ideal seçimdir.
Çeşmə yarımadası isə ilboyu əsən küləkləri və büllur kimi təmiz dənizi ilə tanınır. Altınkum və Kocakarı çimərlikləri, eləcə də Delikli Koy yay istisində sərinləmək istəyənlər üçün ən sevilən məkanlar sırasındadır. Alaçatının sabit küləkləri vindsörfinq və kaytsörfinq həvəskarları üçün mükəmməl şərait yaradır. Yaxınlıqdakı Urla isə yerli və mövsümi məhsullarla hazırlanan Egey mətbəxinin yüngül dadlarını MICHELIN ulduzlu restoranlarında təqdim edərək qastronomiya həvəskarlarını özünə cəlb edir.
Yay istirahətini tarixlə birləşdirmək istəyənlər üçün bölgə daha bir unikal təcrübə təqdim edir. Qədim Efes şəhəri axşam saatlarında da ziyarətçilərin üzünə açıq olur və gecənin sərinliyində bu möhtəşəm antik irsi fərqli atmosferdə kəşf etmək imkanı yaradır.
Şimali Egeyin sərinliyi və təbiətin qoynunda yay istirahəti
Yay istisini daha sərin sularda keçirmək istəyənlər üçün Türkiyənin Şimali Egey bölgəsi ideal seçimlər təqdim edir. Çanaqqalada yerləşən Assos qədim şəhəri Egey dənizinə hakim mövqeyi və özünəməxsus mikroiqlimi ilə seçilir. Şimaldan əsən küləklər burada yay istisini xeyli yumşaldır, büllur kimi təmiz dəniz isə üzgüçülük və dalğıclıq üçün mükəmməl şərait yaradır.
Assosda qonaqlar Athena məbədindən Egey dənizinin ecazkar mənzərəsini və sərin dəniz mehini hiss edə, sahilboyu restoranlarda demək olar ki, dənizə toxunan masalarda nahar edərək Şimali Egey bölgəsinə məxsus yüksək keyfiyyətli zeytun yağlarının və təzə kalmarın dadını çıxara bilərlər.
Dəniz sahilindən bir qədər uzaqlaşıb təbiətlə baş-başa qalmaq istəyənləri isə dünyanın ən zəngin oksigen ehtiyatına malik bölgələrindən biri hesab olunan Kaz dağları qarşılayır. Şam meşələri boyunca uzanan yürüş marşrutları, buz kimi soyuq şəlalələr və sərin dağ havası yay istisindən uzaqlaşmaq üçün fərqli bir təcrübə təqdim edir.
Çanaqqaladan qısa bərə səfəri ilə çatmaq mümkün olan Bozcaada və Gökçeada adaları da Şimali Egeydə yay istirahətinin ən cəlbedici ünvanlarındandır. Dərin mavi sularla əhatələnən bu adalar sakit koyları, sərin dəniz mehini, toxunulmamış təbiəti və rahat ada həyatı ilə seçilir. Şəffaf sularda üzmək, sakit kəndləri kəşf etmək və ya sadəcə dəniz kənarında dinclik tapmaq istəyənlər üçün Bozcaada və Gökçeada yay mövsümündə unudulmaz istirahət və yenilənmə imkanı yaradır.
Aralıq dənizinin sahillərində sərin və rahat yay istirahəti
Aralıq dənizinin sahilində yerləşən Türk Rivyerası uzun günəşli günləri, firuzəyi rəngli dənizi və yüksək səviyyəli kurortları ilə yay mövsümünün ən cəlbedici istiqamətlərindən biridir. Yay aylarında temperatur yüksəlsə də, sərin dəniz mehi, təravətləndirici üzgüçülük imkanları və təbiətlə iç-içə istirahət alternativləri bölgədə günün istənilən saatını komfortlu keçirməyə şərait yaradır.
Türk Rivyerasının incisi sayılan Antalya isə özünün yüksək qonaqpərvərliyi və müasir turizm infrastrukturu ilə fərqlənir. Şəxsi hovuzlardan açıq hava spalarına, kölgəli terraslardan dəniz mənzərəli restoranlaradək hər detal burada rahat yay istirahəti üçün düşünülüb.
Dünyada ən çox Mavi Bayraq sertifikatlı çimərliyə sahib olan Antalya dəniz istirahətini fərqli macəralarla birləşdirmək istəyənlər üçün də geniş imkanlar təqdim edir. Şəffaf Aralıq dənizi gizli koylara qayıq turlarından dünyanın ən məşhur dalğıc məkanlarından biri hesab olunan Kaşda sualtı aləmi kəşf etməyə, eləcə də batmış Kekova şəhəri ətrafında dəniz kayakı ilə səyahətə qədər müxtəlif təcrübələr vəd edir.
Günün ən isti saatlarında isə bölgənin təbii sərvətləri sərinləmək üçün fərqli alternativlər yaradır. İlboyu temperaturu 18–22°C arasında dəyişən Karain və Damlataş mağaraları təbii sərinlik məkanı kimi ziyarətçiləri cəlb edir. Köprülü Kanyonun buz kimi suları və Toros dağlarının sərin yaylaqları isə həm təmiz dağ havasından zövq almaq, həm də mənzərəli yürüş marşrutlarını kəşf etmək istəyənlər üçün ideal seçimdir.
Gün batdıqdan sonra Antalya tamam fərqli ab-havaya bürünür. Gecə Muzeyləri Layihəsi çərçivəsində ziyarətçilər ulduzlu səma altında Patara və Aspendos kimi möhtəşəm antik şəhərləri gəzə, Belekdə işıqlandırılmış meydançalarda gecə qolfunun həyəcanını yaşaya və Aralıq dənizi mətbəxinin yüngül, təravətli dadlarını kəşf edə bilərlər. Təzə dəniz məhsulları, mövsümi tərəvəzlər, yerli ətirli otlar və yüksək keyfiyyətli zeytun yağı ilə hazırlanan yeməklər bölgədə istehsal olunan ağ şərablarla tamamlanaraq yay gününü unudulmaz şəkildə başa vurmağa imkan yaradır.
Faydalı məsləhət
Yay tətilini ənənəvi çimərlik istirahətindən fərqli şəkildə keçirmək istəyənlər üçün Türkiyənin Qara dəniz sahilləri ideal seçimdir. National Geographic jurnalının “Best of the World 2026” siyahısına daxil edilən bu bölgə oksigenlə zəngin havası, sərin yaylaqları və füsunkar yaşıl təbiəti ilə yay istisindən uzaqlaşaraq daha fərqli və rahat istirahət axtaran səyahətçilərə unikal təcrübə təqdim edir.








