Bu il Azərbaycanda turizm sektorunda əvvəlki illərlə müqayisədə zəifləmə hiss olunur.
Statistik göstəricilərə əsasən ölkəyə səfər edən turistlərin sayının 11 faiz azalıb. Bakı hotelləri isə daha ciddi enişlə üzləşib, burada qonaq axınının 30 faizdən çox azaldığı bildirilir.
Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib ki, qlobal miqyasda müşahidə olunan siyasi və iqtisadi qeyri-müəyyənlik beynəlxalq səyahət bazarında ciddi dəyişikliklər yaradıb:
“Müxtəlif ölkələrdə davam edən silahlı münaqişələr, artan geosiyasi risklər, inflyasiyanın yüksəlməsi, enerji və yanacaq xərclərinin bahalaşması, eləcə də hava nəqliyyatında qiymət artımı turistlərin səyahət qərarlarına birbaşa təsir edir. Nəticədə dünya turizmi əvvəlki gözləntiləri doğrultmur və sektorun inkişaf sürəti zəifləyir”.

Ekspertin fikrincə, Azərbaycana gələn xarici ziyarətçilərin sayına təsir edən amillər arasında regionda davam edən hərbi qarşıdurmalar da yer alır:
“Bir sıra istiqamətlər üzrə hava məkanlarının məhdudlaşdırılması beynəlxalq uçuşların təşkilini çətinləşdirərək ölkəyə turist axınını zəiflədib. Turizm sektorunda yenidən yüksəliş əldə etmək üçün ənənəvi bazarlarla kifayətlənmək olmaz. Yeni ölkələrdə Azərbaycanın turizm imkanlarının tanıdılması, daha çox birbaşa aviareyslərin açılması və ölkəyə giriş prosedurlarının sadələşdirilməsi bu istiqamətdə mühüm rol oynaya bilər.
Azərbaycan təhlükəsizlik və sabitlik baxımından turistlər üçün etibarlı məkan hesab olunur. Lakin səyahət planlaşdıran insanlar üçün qiymət siyasəti də əsas meyarlardan biridir. Bu səbəbdən regionun digər turizm istiqamətləri ilə rəqabətdə üstünlük qazanmaq üçün xidmətlərin dəyəri və ümumi səyahət xərcləri baxımından daha cəlbedici mühit formalaşdırılmalıdır”.
Günel Cəlilova


