“Hesab edirəm ki, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi ölkənin turizm siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən sənədin əsas məqsədi yalnız turist sayını artırmaq deyil, Azərbaycanın turizm potensialını daha yüksək gəlir yaradan, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi sahəyə çevirməkdir:
“Proqram rəqabətədavamlı turizm obyektlərinin yaradılmasını, idarəetmə və tənzimləmənin təkmilləşdirilməsini, regionlarda turizmin təşviqini, həmçinin brendinq və marketinq fəaliyyətinin gücləndirilməsini nəzərdə tutur. Məncə, proqramın ən mühüm tərəfi ondan ibarətdir ki, turizmə artıq yalnız hotellər, istirahət mərkəzləri və turist axını prizmasından baxılmır.
Qarşıdakı beşillik üçün daha geniş iqtisadi ekosistem formalaşdırmaq hədəflənir. Çünki turistin ölkəyə gəlməsi hələ turizmin uğuru demək deyil. Əsas məsələ onun Azərbaycanda neçə gün qalması, nə qədər xərcləməsi, hansı bölgələrə getməsi və həmin xərclərin yerli sahibkara, ailə biznesinə, kənd sakininə, sənətkara, restoran və nəqliyyat sektoruna nə qədər gəlir gətirməsidir”.
Millət vəkili sözügedən Dövlət Proqramının əhəmiyyətindən danışıb:
“Bu baxımdan proqramda yüksək gəlirli və xüsusi maraq qruplarına hesablanmış yeni turizm məhsullarının hazırlanması, MICE, sağlamlıq və kurort turizminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi, turist məmnuniyyətinin artırılması kimi istiqamətlərin önə çəkilməsi olduqca əhəmiyyətlidir. Bunlar turistin ölkədə qalma müddətini və bir səfərdən yaranan iqtisadi gəliri artırmağa imkan verən sahələrdir.
Azərbaycanın qarşısında belə bir reallıq da var: 2025-ci ildə ölkəyə gələn əcnəbi turistlərin 61,6 faizi səfərinin məqsədini istirahət və əyləncə kimi göstərib. Bu, Azərbaycanın klassik istirahət turizmi ilə yanaşı, biznes, sağlamlıq, mədəniyyət, dini, ekoloji, kənd və digər xüsusi maraq turizmi istiqamətlərini daha geniş inkişaf etdirmək üçün böyük potensialının olduğunu göstərir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Dövlət Proqramının mühüm istiqamətlərindən biri də regionların turizm xəritəsində rolunun artırılmasıdır:
“Azərbaycan yalnız Bakıdan ibarət turizm məkanı deyil. Qarabağ və Şərqi Zəngəzurdan Qəbələyə, Şəkidən Lənkərana, Naxçıvandan Qusara qədər hər bölgənin özünəməxsus turizm hekayəsi var. Tarix, mədəniyyət, təbiət, milli mətbəx, sənətkarlıq, mineral sular, dağlar, meşələr və kənd həyatı vahid turizm məhsuluna çevrilə bilər. Bu isə turizmin regionlarda məşğulluğun və sahibkarlığın əsas dayaqlarından birinə çevrilməsi deməkdir.
Xüsusilə kiçik və mikro sahibkarlığın dəstəklənməsi bu prosesin sosial əhəmiyyətini artırır. Turizmə böyük investisiya qoyan şirkətlərlə yanaşı, kənddə qonaq evi işlədən ailə, yerli məhsul istehsal edən fermer, milli mətbəx nümunələri təqdim edən kiçik restoran, əl işi hazırlayan sənətkar da bu zəncirin iştirakçısına çevrilməlidir. Dövlət Turizm Agentliyinin daha əvvəl tətbiq etdiyi “Turistik kənd” layihələri də bu modelin real imkanlarını göstərir”.
Elnarə Akimova vurğulayıb ki, digər mühüm məsələ nəqliyyat və əlçatanlıqdır:
“Proqram çərçivəsində hava nəqliyyatının turizmə töhfəsinin artırılması ilə bağlı ayrıca təkliflərin hazırlanması tapşırılıb. Həmçinin gəlmə turizmini stimullaşdırmaq üçün hava əlaqələrinin genişləndirilməsi, hava məkanından istifadənin liberallaşdırılması və vizasız rejimin genişləndirilməsi kimi istiqamətlər müəyyənləşdirilib. Bu, çox vacib məqamdır: Azərbaycan nə qədər gözəl turizm məhsulu yaratsa da, turist həmin məkana rahat və münasib qiymətlərlə çata bilmirsə, potensial tam reallaşmır.
Proqramın başqa bir üstünlüyü onun nəticələrinin ölçülə və qiymətləndirilə bilməsidir. İcranın monitorinqi və qiymətləndirilməsi Azərbaycan Dövlət Turizm Agentliyinin sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. Nazirlər Kabineti də proqramın icrası barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir. Yəni sənəd sadəcə niyyətlər toplusu kimi deyil, icrası izlənən və qiymətləndirilən dövlət siyasəti kimi qurulub”.
Deputatın sözlərinə görə, bu proqramın əhəmiyyətini Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi kontekstində də qiymətləndirmək lazımdır:
“Turizm neftdən fərqli olaraq yalnız gəlir gətirmir, həm də ölkənin müxtəlif təbəqələrinə birbaşa iqtisadi imkanlar yaradır. Turist gəlir, hotellə yanaşı restorana, nəqliyyata, muzeyə, mağazaya, kənd təsərrüfatı məhsuluna, sənətkara və yerli xidmətlərə pul xərcləyir. Deməli, turizmin böyüməsi bütövlükdə xidmətlər iqtisadiyyatının genişlənməsi deməkdir.
Azərbaycanın qarşısında indi sadəcə “daha çox turist gətirmək” vəzifəsi dayanmır. Əsas hədəf daha çox dəyər yaradan turist gətirmək, onun ölkədə qalma müddətini uzatmaq, xərclərini regionlara yaymaq və bu gəlirdən yerli əhalinin daha böyük pay almasını təmin etməkdir. 2026–2030-cu illər Dövlət Proqramının mahiyyətində məhz belə keyfiyyət dəyişikliyini görürəm”.
E. Akimova əlavə edib ki,Azərbaycanın turizm potensialı həqiqətən böyükdür:
“Lakin potensial yalnız o zaman milli sərvətə çevrilir ki, düzgün idarə olunur, müasir məhsula çevrilir və dünya bazarında tanıdılır. Yeni Dövlət Proqramı bu baxımdan Azərbaycanın təbiətini, tarixini və mədəni irsini iqtisadi imkanlarla birləşdirən mühüm strateji sənəddir. Qarşıdakı beş ildə əsas məsələ bu böyük potensialı real nəticəyə çevirmək, Azərbaycanın hər bölgəsini turist üçün yeni bir hekayəyə, yerli sakin üçün isə yeni gəlir və məşğulluq mənbəyinə çevirməkdir”.
Elmir Mustafa



