Naxçıvanın turizm potensialını artırmaq üçün daha hansı addımlar atılmalıdır?

TURİZM
15:24 / 14.08.2026
242

“Naxçıvan Muxtar Respublikasının turizm potensialı kifayət qədər böyükdür”.

Bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Naxçıvanda tarix, mədəniyyət, təbiət, sağlamlıq, dağ və ekoturizm istiqamətlərini birləşdirən unikal turizm məhsulu yaratmaq mümkündür:


“Möminə Xatın türbəsi, Əlincəqala, Ordubad, Batabat, Duzdağ və digər məkanlar vahid turizm marşrutları çərçivəsində təqdim olunmalıdır. Əsas prioritetlərdən biri Naxçıvanın ayrıca və güclü turizm brendinin formalaşdırılması, xarici bazarlarda məqsədyönlü tanıtım kampaniyalarının aparılmasıdır”.

Ekspert qeyd edib ki, turistlərin Naxçıvanda daha uzun müddət qalması üçün hotellər, butik otellər, kənd evləri, restoranlar və əyləncə infrastrukturu inkişaf etdirilməlidir:
“Xüsusilə Ordubad və Şahbuz kimi ərazilərdə ekoturizm, hiking, kənd və aqroturizm marşrutlarının genişləndirilməsi böyük imkanlar yaradır. Naxçıvanın turizm inkişafında nəqliyyat əlçatanlığı və turistlər üçün rahat logistika da mühüm rol oynayır”.

Rəhman Quliyev fikirlərini belə yekunlaşdırıb:
“Eyni zamanda, xidmət keyfiyyətinin yüksəldilməsi, peşəkar kadrların hazırlanması və rəqəmsal turizm xidmətlərinin genişləndirilməsi vacibdir. Dövlət Proqramında da Naxçıvanın rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə turizm inkişaf planları hazırlanır”.

Pərviz

0