"Mustang"ın problemi nədir?

AVTO
09:51 / 05.07.2024
700

ABŞ-nin nəhəng avtomobil istehsalçısı "Ford" son zamanlarda problemlərlə daha çox gündəmə gəlir.

Hit.az bildirir ki, şirkətin ən populyar modellərindən olan "Mustang"dakı problemlər bitmir.

Belə ki, 2024-cü ilin əvvəlindən bəri 32 dəfə sözügedən modellər geri çağırılıb. Sonuncu çağırılma isə 2022-2023-cü ildə istehsal olunan "Mustang"ların sükanlarında nazaslığın meydana gəlməsidir. Üstəlik, 32-ci geri çağırma qərarı 30 min 735 avtomobili əhatə edir.

Problemin avtomobil üçün çox vacib olan sükanda meydana gəlməsi və 30 mindən çox modeli əhatə etməsi "Mustang" sürücülərinin ciddi narahatlığına səbəb olub. Çünki mövcud problem sürücülərin sükanı idarə edə bilməməsinə gətirib çıxara bilir. 

Düzdür, "Ford" indiyə kimi bu problemə görə heç bir qəzanın baş vermədiyini, bu addımın isə qabaqlayıcı tədbir olaraq atıldığını bildirib. Lakin problemin həssaslığı və "Mustang"da il ərzində durmadan nasazlıqların yaşanması sərt tənqidlərə səbəb olur.

Son məlumatlara görə, artıq "Mustang" modelinə olan maraq da azalıb. Hətta sözügedən avtomobilin satışlarının da azalmağa başladığı bildirilir. Üstəlik, 6 ay ərzində 32 dəfə geri çağrılma qərarının verilməsinin yaxın perspektivdə "Mustang"ın və ümumilikdə "Ford"un imicinə də ciddi təsir göstərəcəyi proqnozlaşdırılır.

Pərviz

0