Hava şəraiti avtomobilin yanacaq sərfiyyatına əhəmiyyətli dərəcədə təsir edə bilər. Ekstremal temperatur şəraitində avtomobil daha çox yanacaq sərf edir. Üstəlik, hava şəraiti hibrid avtomobillərin yanacaq sərfiyyatına da ciddi təsir göstərir.
HİT.az xəbər verir ki, güclü şaxta yanacaq sərfiyyatı üçün ən əlverişsiz hava şəraiti hesab olunur. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, -7 dərəcə Selsidə yanacaq sərfiyyatı +25 dərəcə Selsidəki göstərici ilə müqayisədə orta hesabla 15 faiz artır.
Qışda qısa məsafəli səfərlərdə vəziyyət daha da pisləşir. Gündə cəmi 5-7 kilometr məsafə qət edildikdə yanacaq sərfiyyatının 24 faiz artması mümkündür.
Hibrid avtomobillərdə isə vəziyyət daha ciddi ola bilər. Aşağı temperaturda hibridlərin yanacaq sərfiyyatı 30-40 faiz arta bilər. Elektrik avtomobilləri isə qışda hibridlərlə müqayisədə daha zəif nəticə göstərir.
İsti havada yanacaq sərfiyyatı
Nəşrin məlumatına görə, yayın ən isti günlərində də yanacaq sərfiyyatı əksər hallarda artır. Lakin bunun səbəbi birbaşa yüksək temperatur deyil.
Məsələ ondadır ki, isti havada bir çox sürücü kondisionerdən və ya iqlim-kontrol sistemindən istifadə edir. Bu da avtomobilin yanacaq sərfiyyatını artırır. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, kondisionerdən intensiv istifadə adi avtomobillərdə yanacaq sərfiyyatını 25 faizdən çox artıra bilər.
Soyuq havada olduğu kimi, kondisionerdən istifadə zamanı da qısa səfərlər uzun səfərlərlə müqayisədə yanacaq sərfiyyatına daha mənfi təsir göstərir. Nəşr əlavə edir ki, transmissiya nə qədər səmərəli olarsa, kondisionerdən istifadənin yanacaq sərfiyyatına təsiri də bir o qədər çox ola bilər.
Mühərrik yağını niyə çox tez-tez dəyişmək olmaz?
“Jalopnik” daha əvvəl mühərrik yağının niyə həddindən artıq tez-tez dəyişdirilməməsi barədə məlumat yayıb. Bunun əsas səbəblərindən biri mühərrik yağlarının keyfiyyətinin yaxşılaşmasıdır.
Yağın hər 5 000 kilometrdən bir dəyişdirilməsinin “ideal” interval olması ilə bağlı fikir bir neçə onillik əvvəl ortaya çıxıb. Lakin müasir avtomobillər üçün bu, artıq ən optimal göstərici sayılmır.
Nəşrin vurğuladığı kimi, daha təmiz yanma prosesinə malik, həddindən artıq qızmayan və yağın yanmasının qarşısını alan müasir mühərriklərdə yağı adətən 8 000 kilometrdən daha tez dəyişmək tələb olunmur. Bəzi mühərriklərdə isə yağın təxminən hər 25 000 kilometrdən bir dəyişdirilməsi kifayət edir.
Samir


