2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 546 milyon 668,6 min dollar dəyərində 29 min 637 minik avtomobili idxal edilib.
Modern.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal olunan minik avtomobillərinin sayı 37,2 faiz, ümumi dəyəri isə 36,8 faiz azalıb.
Hesabat dövründə ölkəyə 57 milyon 867,4 min dollar dəyərində 371 avtobus gətirilib. Avtobus idxalı say baxımından 48,4 faiz, dəyər ifadəsində isə 2,9 dəfə artıb.
Yanvar-iyun aylarında 30 milyon 586,7 min dollar dəyərində 3420 yük avtomobili idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobillərinin sayı 14,7 faiz, dəyəri isə 37,2 faiz azalıb.
Bundan başqa, ölkəyə 4 milyon 37,2 min dollar dəyərində 14 min 225 məişət soyuducusu, 28 milyon 148,2 min dollar dəyərində 127 min 232 paltaryuyan maşın, 96 milyon 227,5 min dollar dəyərində 386 min 13 hesablama maşını, blok və qurğu gətirilib.
Məişət soyuducularının idxalı say baxımından 39 faiz azalıb. Paltaryuyan maşınların idxalı 25,8 faiz, hesablama maşınları, blok və qurğuların idxalı isə 25,5 faiz artıb.
Hesabat dövründə Azərbaycana 32 milyon 597,5 min dollar dəyərində 563 min 109 ədəd oturacaq, ofis, mətbəx, yataq və digər mebel idxal edilib. Mebel idxalı say ifadəsində 11,2 faiz, dəyər ifadəsində 27,6 faiz azalıb.


