Londonda cəmi bir neçə gün ərzində yüzlərlə sürücüyə təsir edən qəribə oğurluq halları ortaya çıxıb. "Volkswagen" avtomobillərinin ön emblemini saniyələr ərzində sökən cinayətkarların avtomobillərə vurduğu zərərin məbləği servis xərclərini kəskin artırıb.
HİT.az xəbər verir ki, sürücülərin avtomobilin ön hissəsində sadəcə marka simvolu kimi gördüyü detallar oğruların diqqət mərkəzinə çevrilib. İngiltərənin paytaxtı Londonda sürücüləri çətin vəziyyətə salan yeni oğurluq dalğası yayılıb.
Polis mənbələrinin məlumatına görə, Londonun cənub-şərqində cəmi dörd gün ərzində təxminən 70 "Volkswagen" markalı avtomobilin emblemi sökülərək oğurlanıb.
Lakin cinayətkarların əsas məqsədi marka loqosunu əldə etmək deyil. Hədəf emblemin arxasında yerləşən və radar əsaslı adaptiv kruiz-kontrol sisteminin fəaliyyətini təmin edən bahalı radar sensorlarıdır.
Avtomobil texnologiyalarının inkişafı bu tip detalların oğrular üçün cəlbediciliyini artırıb. Əvvəlki illərdə də "Porsche" modellərində oxşar hallar qeydə alınmışdı. Həmin vaxt yüksək texnologiyalı faraların avtomobilin kuzovundan kəsilərək çıxarılması sığorta xərclərinin ciddi şəkildə artmasına səbəb olmuşdu.
Hazırkı oğurluqların hazırlanması mərhələsində pilotsuz uçuş aparatlarından istifadə edildiyi də bildirilir.
Zərərçəkənlərdən birinin sözlərinə görə, avtomobilin emblemini söküb götürmək beş saniyədən də az vaxt aparır. Lakin bu qısa müddət ərzində avtomobilə ciddi maddi zərər vurulur.
Kəsilmiş kabellərlə birlikdə sökülən sensorlar internetdəki hərrac platformalarında nisbətən ucuz qiymətlərə satılır. Buna qarşılıq rəsmi servislərdə həmin detalların dəyişdirilməsi yüksək məbləğlərə başa gəlir.
London polisi hadisələrlə bağlı genişmiqyaslı araşdırma aparır və bölgədəki bütün sürücüləri şübhəli halları hüquq-mühafizə orqanlarına bildirməyə çağırıb.
"Volkswagen" şirkətinin Böyük Britaniya nümayəndəliyi isə hadisələrin avtomobillərin konstruksiyasındakı qüsurdan qaynaqlanmadığını, birbaşa cinayət fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.
Şirkət problemin Londonun müəyyən ərazilərində cəmləşən lokal xarakterli hadisə olduğunu və zərərçəkən müştərilərə dəstək göstərdiyini açıqlayıb.
"Volkswagen" həmçinin bildirib ki, yeni modellərdə radar sensoru artıq loqonun arxasında yerləşdirilmir və başqa mövqeyə keçirilib.
Samir


