Azərbaycana avtomobil idxalı niyə kəskin azalıb?

AVTO
18:38 / 19.08.2026
44

Azərbaycana avtomobil idxalının azalmasının səbəbləri açıqlanıb.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 41 105 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. İdxal olunan avtomobillərin ümumi dəyəri 807 milyon 429 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayında 35,17 faiz, idxalın dəyərində isə 31,05 faiz azalma qeydə alınıb. Avtomobil idxalında müşahidə olunan azalmanın bir neçə səbəbi olduğu bildirilir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında bunun əsas səbəblərindən birinin hibrid və elektromobillər üçün tətbiq edilən vergi güzəştlərinin başa çatması ilə əlaqədar olduğunu bildirib.

O xatırladıb ki, bu il yanvarın 1-dən etibarən hibrid avtomobillərin idxalı zamanı ƏDV tətbiq edilməyə başlanılıb: "Bu isə həmin avtomobillərin maya dəyərinə və nəticə etibarilə satış qiymətinə təsir göstərdi. Güzəştlərin başa çatacağı əvvəlcədən məlum olduğundan, ötən il avtomobil bazarında, xüsusilə də hibrid modellərin idxalında ciddi artım baş verdi. Hətta avtomobil alqı-satqısı ilə əvvəllər məşğul olmayan şəxslər də güzəştlərin qüvvədə olduğu dövrdən yararlanaraq bu sahəyə daxil oldular. Nəticədə, xüsusilə, Çindən hibrid avtomobillərin idxalı əhəmiyyətli dərəcədə çoxaldı".

E.Cəfərovun sözlərinə görə, ötən il Azərbaycana gətirilən Çin istehsalı olan hibrid avtomobillərin bir hissəsi rəsmi nümayəndəlik və istehsalçı zəmanəti olmadan idxal edilib: "Bu amil də ötən ilki yüksək idxal göstəricilərinin formalaşmasına təsir edən məqamlardan biri oldu. Avtomobil idxalının azalmasına təsir edən digər amillər sırasında köhnə nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə tətbiq olunan məhdudiyyətlər və aksiz vergilərindəki dəyişiklikləri göstərmək olar. Yaşı 10 ildən çox olan avtomobillərin idxalına qoyulan məhdudiyyətlər də bazara daxil olan nəqliyyat vasitələrinin strukturuna təsir edib".

Mütəxəssis vurğulayıb ki, bundan başqa, yaşı 7 ildən çox olan benzin və dizel avtomobilləri üçün mühərrik həcminə əsasən hesablanan aksiz vergisinin yüksəldilməsi də idxal qərarlarına təsir göstərən amillərdəndir:

"Beləliklə, ötən il hibrid avtomobillərə tətbiq olunan güzəştlərin başa çatmasından əvvəl yaranan idxal artımı ilə müqayisədə, 2026-cı ildə bazarda daha fərqli mənzərə formalaşıb. İdxalçılar artıq güzəştlərin olmadığı yeni vergi rejiminə uyğunlaşmalı, istehlakçılar isə avtomobil seçərkən həm qiymət, həm də vergi yükünü nəzərə almalıdırlar. Bu baxımdan, ilk yeddi ayın göstəriciləri avtomobil bazarında tələbin tamamilə aradan qalxdığını deyil, ötənilki qeyri-adi idxal artımından sonra bazarın yeni vergi və tənzimləmə şərtlərinə uyğunlaşdığını göstərir".

0