Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasında çıxış edən Prezident İlham Əliyev ölkəmizin sənaye potensialını artıracaq mühüm bir layihənin müjdəsini verib.
Dövlətimizin başçısı Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılmasının planlaşdırıldığını və burada ikinci zavodun tikildiyini diqqətə çatdırıb. Layihənin miqyasını vurğulayan ölkə rəhbəri bu yeni istehsal müəssisəsinin milli avtomobil sənayesinə böyük təkan verəcəyini xüsusi ilə qeyd edib.
Həyata keçirilən bu strateji addım regional iqtisadi əməkdaşlığı möhkəmləndirməklə yanaşı, ölkəmizin qeyri-neft sektorunun inkişafına da kəskin təkan verəcək. Şübhəsiz ki, yeni zavodun istifadəyə verilməsi Azərbaycanın avtomobil sənayesindəki mövqeyini daha da gücləndirərək, bu sahədə ciddi sıçrayışa zəmin yaradacaq.
İqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, Hacıqabulda açılacaq zavoda 80 milyon manatdan çox investisiyanın cəlb olunması Özbəkistanın avtomobil sənayesində topladığı təcrübənin Azərbaycana gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Əvvəlki layihələrdə qaynaq, boyama və yığım mərhələlərinin lokallaşdırılması nəzərdə tutulurdu. Yeni mərhələdə isə söhbət daha geniş istehsal zəncirinin formalaşdırılmasından gedir. Daha əvvəl ehtiyat hissələri Azərbaycana gətirilir və ölkəmizdə sadəcə yığılırdı. Bundan sonra isə daha geniş istehsal mərhələsindən söhbət gedir”.

Ekspert hesab edir ki, Azərbaycanda avtomobil sənayesinin hədəfi yalnız avtomobillərin yığılması olmamalıdır:
“Məqsəd avtomobillərin mümkün qədər çox komponentinin Azərbaycanda istehsal edilməsidir. Yeni layihələrdən də aydın olur ki, metal və plastik hissələrin, elektrik avadanlıqlarının, oturacaqların, şüşələrin və digər komponentlərin yerli istehsalının genişləndirilməsi əlavə dəyərin ölkə daxilində formalaşmasına imkan verəcək. Beləliklə, vəsait ölkə daxilində qalacaq və bu, iqtisadiyyata əlavə töhfə verə bilər.
Bir avtomobil zavodu onlarla, hətta yüzlərlə yerli şirkət üçün imkan yarada bilər. Məsələn, logistika, qablaşdırma, texniki xidmət və digər sahələrdə yeni müəssisələrin yaranmasına və inkişafına təkan verə bilər. Hacıqabulda bütövlükdə sənaye ekosisteminin formalaşmasına səbəb ola bilər”.
İqtisadçı vurğulayıb ki, ən önəmli məsələlərdən biri isə insan kapitalıdır:
“Avtomobil sənayesinin inkişafı mühəndis, texnoloq, robototexnika və texniki sahələr üzrə mütəxəssislərə tələbatı artıracaq. Eyni zamanda, bu proses peşəkar kadrların və idarəetmə təcrübəsinin formalaşması baxımından da əhəmiyyətlidir.
Özbəkistan iqtisadiyyatının bugünkü vəziyyətində avtomobil sənayesinin inkişafının da mühüm rolu var. Ümidvaram ki, Azərbaycanda həyata keçiriləcək bu layihə daha geniş təchizat zəncirinin formalaşdırılmasını nəzərdə tutur”.
Günel Cəlilova


