Yollarda rast gəlinən bəzi qeyri-adi nişanlar sürücülər arasında çaşqınlıq yarada bilər. Onlardan biri də görünüşünə görə “qıyılmış gözlər” adlandırılan yol nişanıdır.
HİT.az xəbər verir ki, dairəvi və qırmızı haşiyəli bu nişanın üzərində iki dairəvi təsvir yerləşdirilib. Dairələrin üst hissəsinin qara rəngdə olması uzaqdan insan gözlərinə bənzəyir. Lakin nişan əslində gözləri deyil, avtomobilin faralarını simvolizə edir.
Bu nişan sürücüyə qarşıdakı mürəkkəb və ya zəif işıqlandırılan yol hissəsində yaxın işıqları yandırmağı tələb edir. Belə göstəricilərə körpülər, tunellər, dağ yolları, kəskin döngələr və işıqlandırmanın qəfil dəyişdiyi ərazilər qarşısında rast gəlmək mümkündür.
Sürücülər bu halda uzaq işıqlardan deyil, məhz yaxın işıqlardan istifadə etməlidirlər. Bu, həm yolu daha yaxşı görməyə, həm də qarşıdan gələn avtomobillərin sürücülərini kor etmədən nəqliyyat vasitəsinin yolda daha görünən olmasına imkan verir.
Məlumata görə, “qıyılmış gözlər” simvolu əsasən Amerika qitəsindəki bəzi ölkələrdə istifadə olunur. Avropada isə oxşar məna daşıyan, ağ fonda meduzaya bənzəyən başqa bir yol nişanı mövcuddur və o da sürücülərdən müəyyən yol hissələrində faraları yandırmağı tələb edir.
Azərbaycanda bu nişanla qarşılaşmaq ehtimalı az olsa da, xaricdə avtomobil idarə edən sürücülərin belə göstəricilərin mənasını bilməsi vacibdir. Çünki yol nişanlarının tələblərinə əməl etməmək bəzi ölkələrdə ciddi cərimələrlə nəticələnə bilər.
Samir


