Balqabaq liflə zəngin, karbohidrat miqdarı isə nisbətən az olan tərəvəzlərdəndir. Mütəxəssislərin sözlərinə görə, şəkər əlavə edilmədən hazırlanmış balqabağın adi porsiyalarda istehlakı qanda qlükoza səviyyəsinin kəskin yüksəlməsinə səbəb olmaya bilər.
HİT.az xəbər verir ki, bu barədə “Verywell Health” portalı yazıb.
Diyetoloq və diabet üzrə sertifikatlı mütəxəssis Keytlin Hippili bildirib ki, yarım stəkan konservləşdirilmiş balqabağın tərkibində təxminən 10 qram karbohidrat və 3-4 qram lif var. Lif karbohidratların həzmini və mənimsənilməsini ləngitdiyindən qanda şəkərin qəfil yüksəlməsi riskini azalda bilər.
Diyetoloq Don Menninq isə balqabağın zülal və ya faydalı yağlarla birlikdə qəbul edilməsinin daha yaxşı nəticə verə biləcəyini qeyd edib. Məsələn, balqabağı yunan yoqurtu ilə hazırlanan smuziyə əlavə etmək mümkündür.
Mütəxəssislər vurğulayırlar ki, balqabağın özü qanda şəkərin tənzimlənməsi ilə bağlı bütün problemləri həll etmir. Bununla belə, onun balanslaşdırılmış qidalanmanın bir hissəsi kimi müntəzəm istehlakı sağlam qlükoza səviyyəsinin qorunmasına kömək edə bilər. Liflə zəngin qidaların insulinə həssaslığa müsbət təsir göstərə biləcəyini göstərən araşdırmalar da mövcuddur.
Diyetoloqlar xəbərdarlıq edirlər ki, şəkər əlavə edilmədən bişirilmiş balqabaqla balqabaqlı piroq, şirin çörək və balqabaq siropu ilə hazırlanan latte eyni təsirə malik deyil. Belə məhsulların tərkibindəki əlavə şəkər və rafinə edilmiş un qanda qlükozanın daha sürətlə yüksəlməsinə səbəb ola bilər.
Hippili balqabaqlı şirniyyatları evdə hazırlayanlara tam taxıllı undan istifadə etməyi, əlavə şəkərin miqdarını azaltmağı və kətan və ya çia toxumu kimi lif mənbələri əlavə etməyi tövsiyə edib.
Samir


