Fiko Ukraynaya Avropa İttifaqına üzvlük prosesində kömək təklif etdi

DÜNYA
16:33 / 06.11.2026
43

Slovakiya Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesində dəstək göstərməyə və öz inteqrasiya təcrübəsini Kiyevlə bölüşməyə hazırdır.

HİT.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko Lvovda Ukrayna və Slovakiya hökumətlərinin birgə görüşündə bəyan edib. Məlumatı Slovakiyanın TASR agentliyi yayıb.

Fiko bildirib ki, Bratislava Ukraynanın Avropa İttifaqına qoşulmaq istəyinə hörmətlə yanaşır və ölkənin Avropa ambisiyalarını dəstəkləyir.

“Biz sizə dostcasına kömək təklif edirik. Bu, həm Avropa İttifaqında fəaliyyət təcrübəmizə, həm də quruma üzvlük prosesində əldə etdiyimiz biliklərə aiddir”, – deyə Slovakiya hökumətinin başçısı vurğulayıb.

Baş nazir əlavə edib ki, Avropa İttifaqına qoşulmaq istəyən hər bir dövlətin müraciət etmək, tələb olunan şərtləri yerinə yetirmək və birliyə üzv olmaq hüququ var.

Qeyd edək ki, Fiko oktyabr ayında Slovakiyanın Ukrayna üçün nəzərdə tutulan yeni Avropa kredit proqramında iştirak etməyəcəyini açıqlamışdı. O, Kiyevin həmin krediti geri qaytara bilməyəcəyini bildirərək, bu maliyyə dəstəyini faktiki olaraq əvəzsiz yardım kimi qiymətləndirmişdi.

Samir

0