ABŞ-ın Kaliforniya ştatında zəhərli göbələklərin kütləvi yayılması ilə bağlı xəbərdarlıq edilib. Buna səbəb El-Nino iqlim hadisəsinin gətirəcəyi güclü yağışların göbələklərin artmasına şərait yaratmasıdır.
HİT.az xəbər verir ki, Kaliforniya İctimai Səhiyyə Departamenti sakinləri xüsusilə iki təhlükəli göbələk növü – solğun amanita (*Amanita phalloides*) və yaz amanitası (Amanita ocreata) ilə bağlı ehtiyatlı olmağa çağırıb.
Qurumun direktoru Erika Pan bildirib ki, El-Nino nəticəsində ştatın bəzi ərazilərində yağıntıların artacağı gözlənilir. Bu isə zəhərli göbələklərin daha çox yayılmasına səbəb ola bilər.
Xəbərdarlıq ötən il Kaliforniyada qeydə alınan kütləvi zəhərlənmə hadisəsindən sonra səsləndirilib. 2025-ci ilin noyabrından 2026-cı ilin mayınadək zəhərli göbələkləri səhvən toplayaraq yeyən 50 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan dördünə qaraciyər transplantasiyası lazım olub, daha dörd nəfər isə həyatını itirib. Müqayisə üçün qeyd edək ki, Kaliforniyada adətən il ərzində amatoksinlərlə zəhərlənmə hallarının sayı beşdən çox olmur.
Mütəxəssislərin məlumatına görə, bu göbələklər payızda ilk yağışlardan sonra böyüməyə başlayır və yazadək yayılmaqda davam edir. Onlara yalnız meşəlik ərazilərdə deyil, həyətlərdə, parklarda və yaşayış məntəqələrində də rast gəlinir. Əsasən palıd ağaclarının yaxınlığında bitirlər.
Təhlükə ondadır ki, bu göbələkləri hətta təcrübəli toplayanlar belə bəzən yeməli növlərdən ayıra bilmirlər. Üstəlik, bişirilmə, dondurulma və ya qurudulma onların tərkibindəki zəhərli maddələri məhv etmir.
Həkimlər bildirirlər ki, zəhərlənmənin ilk əlamətləri göbələk yeyildikdən 6–24 saat sonra üzə çıxa bilər. Ürəkbulanma, qusma, ishal və qarın ağrısı əsas simptomlar sırasındadır. Bəzən bir gündən sonra insanın vəziyyəti yaxşılaşsa da, sonrakı 48–96 saat ərzində qaraciyərin ağır zədələnməsi baş verə bilər.
Mütəxəssislər zəhərlənmədən şübhələnildiyi halda simptomların yaranmasını gözləmədən dərhal tibbi yardıma müraciət etməyi tövsiyə edirlər. Çünki gecikmiş mərhələdə müalicə daha çətin olur.
Samir

