Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov 79,86% səslə növbədənkənar prezident seçkilərinin qalibi olub. Japarovun əsas rəqibi Adaxan Madumarov 6,5%-dən bir qədər çox səs toplayıb.
Seçki ilə bərabər Qırğızıstanda prezident idarə üsuluna keçid də rəsmiləşib. 81,1% seçici prezidentlik idarəetməsinə tərəfdar olub.
Qırğızıstan paytaxtı Bişkekdə etirazlar ötən ilin oktyabr 4-də-parlament seçkilərindən sonra başlamışdı. Parlamentdəki yerlərin əksəriyyətini ölkə prezidentinin ailəsi ilə əlaqəli Birimdik (Birlik) Partiyası və Mekenim Qırğızıstan Partiyası qazanmışdı.
Amma seçkilərin nəticələrindən qəzəblənən müxalifət tərəfdarları ertəsi gün küçələrə axışdılar. Oktyabrın 6-na keçən gecə müxalifət parlament, Prezident Administrasiyasının və hökumət evi də daxil olmaqla, bir neçə inzibati binanı ələ keçirdi. Nəticədə, MSK seçkinin nəticələrini etibarsız elan etdi, ölkənin baş naziri Kubatbek Boronov istefaya getdi.
Köhnə parlament üzvlərinin əksəriyyəti isə başqa bir binada toplaşaraq etirazçıların bir gün əvvəl Milli Təhlükəsizlik Komitəsinin təcridxanasından azad etdiyi Vətənpərvər Partiyasının qurucusu Sadrı Japarovun baş nazir təyin edilməsinə səs verdi.
Prezident Jeenbekov ölkədə baş verənləri hakimiyyəti qanunsuz olaraq ələ keçirmək cəhdi adlandırdı və oktyabrın 9-da Qırğızıstanın paytaxtını Bişkekdə komendant saatı elan etdi və qoşunlar şəhərə daxil oldu. Ancaq oktyabrın 14-də parlament Japarovu baş nazir vəzifəsinə təsdiqlədi. Oktyabrın 15-i axşam Jeenbekov istefaya getdi və prezident səlahiyyətlərini icrası Japarova keçdi.
Sadır Japarov 1968-ci ilin 6 dekabrında Qırğızıstanın İssık-Kul bölgəsinin Ken-Suu kəndində anadan olub.1987-ci ildə əmək fəaliyyətinə Qırğızıstanın Çuy bölgəsindəki Santaş kolxozunda fəhlə olaraq başlayıb.
2006-cı ildə Boris Yeltsin adına Qırğızıstan-Rus Slavyan Universitetini bitirib. 2005-ci ilə qədər Soltonkul fermasının müdiri, Kergey neft şirkətinin direktoru, “Nurnefteqaz” şirkətlərinin baş direktoru olub.
2005-2007-ci illərdə, eləcə də 2010-2013-cü illərdə deputat seçilib. 2007-2009-cu illərdə Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin müşaviri vəzifəsində çalışıb. 2008-2009-cu illərdə Qırğızıstanın Korrupsiyanın qarşısının alınması üzrə Milli Agentliyinin komissarı olub.2009-2010-cu illərdə Qırğızıstanın Dövlət Kadrlar Xidməti yanında Korrupsiyaya qarşı Agentliyə rəhbərlik edib.
2012-ci ilin oktyabrında Sadır Japarov deputat olaraq bir neçə həmkarı ilə birlikdə Kumtor qızıl mədəninində başlamış etiraz aksiyasına gedib. Mitinq zamanı Japarovun partiyasında olmayan bir qrup şəxs hökumət evinin qarşısında hasarının üstünə çıxdıqları üçün Taşiyev, Japarov və Mamytova qarşı hakimiyyəti zorla ələ keçirmək cəhdində və konstitusiya quruluşunun devrilməsinə yönəlmiş ictimai çağırışlarda günahkar hesab edərək həbs ediliblər. Taşiyev və Japarov 1 il 5 ay, Mamytov isə 1 il müddətinə azadlıqdan məhrum olunub. Daha sonra Japarov xaricə gedib, bir müddət Kiprdə və Rusiyada yaşayıb. 2013-cü ildə yenidən deputat mandatı alaraq aktiv siyasətə davam edib.
2013-cü ildə İssık-Kul bölgəsinin Saruu kəndində Kumtor mədəninin milliləşdirilməsini tələb edən bir mitinq keçirildi. Bu aksiyadakı çıxışı onun siyasi karyerasında dönüş nöqtəsi də hesab edilə bilər. Ümuniyyətlə, Japarov vaxtilə siyasi karyerasını böyük ölçüdə bölgədəki qızıl mədənlərinin milliləşdirilməsinə dair populist şüarlar üzərində qurub. Söhbət büdcəyə böyük ölçüdə valyuta payı olan bir müəssisədən getdiyi üçün Japarov tezliklə populyarlaşdı. Üstəlik, o, pasporta “milliyyət” qrafasının əlavə edilməsi tələb edirdi ki, bu da onun personasının milli-vətənpərvərlik ritorikasını, artırdı.
Sözügedən qızıl mədənindəki aksiyadakı çıxışından sonra tətil iştirakçıları hökumətin o vaxtkı İssık-Kul bölgəsindəki səlahiyyətli nümayəndəsi Emil Kaptagayevin rəhbərlik etdiyi bir neçə nəfəri girov götürdülər. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsindən bildirdilər ki, həmin vaxt Japarov etirazçılara telefonla təlimat verib. İstintaqa görə, həmin mitinq Sadır Japarov tərəfindən maliyyələşdirilibmiş. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin "girov götürmə", "xuliqanlıq" və "dövlət məmuruna qarşı zor tətbiq etmə"maddələri ilə cinayət işi qaldırıldı. İstintaqdan yayına bilən Japarov dörd il yenidən xaricdə olduqdan sonra Qırğızıstana qayıtmağa qərar verdi.
2017-ci ilin 25 martında onu Qırğızıstan-Qazaxıstan sərhədində həbs etdilər. Məhkəmənin qərarı ilə ona 11 il 6 ay həbs cəzası verildi. 2020-ci ilin 5 oktyabrında baş verənlər isə onun həyatını dəyişdi və 3 ay keşməmiş o qələbəsini rəsmiləşdirərək Qazaxıstan prezideti oldu.