Qətər XİN: Pakistan ABŞ və İran arasında əsas vasitəçi olaraq qalacaq

DÜNYA
17:12 / 16.06.2026
43

Qətərin Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari bildirib ki, Pakistan ABŞ və İran arasında danışıqlarda əsas vasitəçi rolunu oynamağa davam edəcək və Qətər bu təşəbbüsü öz üzərinə götürməyi planlaşdırmır. 

HİT.az xəbər verir k, bu barədə TASS məlumat yayıb.

Əl-Ənsari qeyd edib ki, Qətər Pakistanın rəhbərliyi altında həyata keçirilən vasitəçilik səylərini dəstəkləyir.

“Pakistan bizi bu mərhələyə gətirib çıxaran prosesdə mühüm rol oynayıb və ABŞ ilə İran arasında əsas vasitəçi rolunu oynamağa davam edəcək”, deyə diplomat brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Doha regional təhlükəsizlik məsələlərinə məsuliyyətlə yanaşır və bundan sonra da Pakistana dəstək vermək niyyətindədir. Əl-Ənsari hesab edir ki, son hadisələr Yaxın Şərq dövlətlərinin birləşərək münaqişələrin həlli üçün müstəqil şəkildə yollar tapa bildiyini göstərib.

İyunun 15-də Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın intensiv danışıqlardan sonra əldə olunduğunu açıqlayıb. O bildirib ki, hərbi əməliyyatlar, o cümlədən Livan ərazisində dayandırılacaq.

Daha sonra ABŞ və İran döyüş əməliyyatlarının dayandırılması və Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşmanın əldə edildiyini elan ediblər. Sənəd layihəsində dəniz blokadasının ləğvi, neft sektoru üzrə güzəştlər, İran aktivlərinin blokdan çıxarılması və nüvə proqramı ilə bağlı gələcək danışıqlar da yer alıb.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun mətni təxminən bir yarım səhifədən ibarətdir və gələcək texniki danışıqlarda işlənib hazırlanacaq çərçivəni müəyyən edir.

Samir

0