Aİ Çini Rusiya əsgərlərini Ukraynaya qarşı müharibə üçün hazırlanmaqda ittiham edir

DÜNYA
15:38 / 16.06.2026
47

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Kaya Kallas bildirib ki, Çin Rusiya hərbçilərini Ukraynaya qarşı müharibədə iştirak etmək üçün hazırlayıb. 

HİT.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu bəyanat Pekinə qarşı Brüssel tərəfindən tənqidin daha da sərtləşməsinə səbəb ola bilər və hazırda Çin üzərində iqtisadi və təhlükəsizlik təzyiqlərinin artırılması imkanları nəzərdən keçirilir.

“Biz həmçinin Çin hərbçilərinin Rusiya hərbi qulluqçularını Ukraynadakı döyüşlərdə iştirak üçün hazırladığına dair xəbərlərin təsdiqini almışıq. Hazırda bu məlumatın nəticələrini diqqətlə qiymətləndiririk”, deyə Kallas bazar ertəsi Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

Bununla belə, o, söhbətin konkret hansı xəbərlərdən getdiyini açıqlamayıb və əlavə təfərrüat verməyib.

"Reuters" agentliyinin ötən ay yaydığı məlumata görə, keçən ilin sonunda Çin hərbçiləri gizli şəkildə təxminən 200 Rusiya hərbçisini Çin ərazisində hazırlayıb və onların bir hissəsi daha sonra Ukraynadakı döyüşlərdə iştirak etmək üçün geri qayıdıb.

Agentliyin Avropa kəşfiyyat xidmətlərinə və müvafiq sənədlərə istinadən bildirdiyinə görə, bu gizli təlimlər pilotsuz uçuş aparatlarının istifadəsinə həsr olunub. Təlimlər ötən ilin iyulunda Pekində imzalanmış razılaşma çərçivəsində Rusiya və Çin silahlı qüvvələrinin yüksək vəzifəli nümayəndələri tərəfindən həyata keçirilib.

Çin Xarici İşlər Nazirliyi yeni açıqlamalara dərhal reaksiya verməyib. Daha əvvəl Pekin "Reuters"in məlumatlarını rədd edərək, bunu müharibəyə görə məsuliyyəti başqalarının üzərinə atmaq cəhdi adlandırıb.

Özünü Rusiya işğalına qarşı neytral kimi təqdim etməsinə baxmayaraq, Çin Moskva üçün mühüm iqtisadi dayaq rolunu oynamaqda davam edir. Bundan əlavə, Çin şirkətləri Rusiyaya ikili təyinatlı mallar, o cümlədən dron komponentləri tədarük edib ki, bu da ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara əsas olub.

Bazar ertəsi Aİ Çinlə əlaqəli daha dörd şirkəti sanksiya siyahısına daxil edib. Söhbət materik Çindən iki istehsalçı və Honq Konqda qeydiyyatdan keçmiş iki gəmiçilik şirkətindən gedir. Xüsusilə Shenzhen Minghuaxin və Xinxiang Richful Lubricant Additive Company Rusiya hərbçilərinə dron komponentləri və sürtkü materialları üçün kimyəvi əlavələr tədarük etməkdə ittiham olunub. Honq Konqda yerləşən Glory Shipping HK Limited və Nord Axis Ltd isə Rusiya neftinin daşınması və ixracına kömək etdiyinə görə sanksiyalara məruz qalıb.

"Bloomberg" yazır: “Çinin Rusiyaya dəstəyi 2022-ci ildə genişmiqyaslı müharibə başlayandan bəri Pekin və Brüssel arasındakı münasibətləri ciddi şəkildə çətinləşdirib. Bundan əlavə, Çin ilə Aİ arasında böyük ticarət profisiti də gərginliyin başqa bir mənbəyidir və Brüssel ticarət balanssızlığını azaltmaq üçün yeni məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirir.”

Aİ liderlərinin cümə axşamı Çinin artıq istehsal gücü problemini müzakirə etməsi gözlənilir. Ayın sonunda isə Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviçin Pekində Çin Ticarət naziri Van Ventao ilə danışıqlar aparacağı bildirilir.

Samir

0