Beynəlxalq Böhran Qrupunun (BBQ) prezidenti Robert Malli tutduğu vəzifədən istefa verib.
HİT.az "Ağ Ev"-in mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, R.Malli prezident Cozef Baydenin yeni Administrasiyasının İran üzrə xüsusi elçisi təyin edilib.
Robert Mallinin əsas vəzifəsi 2015-ci ildə imzalanmış razılaşmanın şərtlərinə uyğun olaraq,, İranı uranın təyin olunmuş zənginləşdirmə normasından artığını əldə etməkdən çəkindirməkdir. Həm də, ehtimal olunur ki, bu təyinat ABŞ İrana qarşı sanksiyalarını ləğv etməzdən öncə rəsmi Tehranın danışıqlar masasına geri dönməsinə şərait yaradacaq.
Məlumatda qeyd olunur ki, İran üzrə xüsusi elçi olaraq R.Malli "dərin zəkaya malik ekspertlər komandası"na başçılıq edəcək. Robert Mallinin bu vəzifədə birbaşa tabe olduğu ABŞ Dövlət katibi Entoni Blinke onun keçmişdə dəfələrlə Tehranla nüvə məsələləri ilə bağlı uğurlu danışıqlara imza atdığını deyrək, Mallinin "bunu bir daha bacaracağına" əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, son 3 ildə qeyri-hökumət təşkilatı olaraq qlobal münaqişə məsələləri ilə məşğul olan Beynəlxalq Böhran Qrupuna rəhbərlik edən Robert Malli əvvəllər ABŞ-ın Milli Təhlükəsizlik Şurasında çalışıb. Barak Obamanın prezidentliyi dönəmində isə o, dövlət başçısının Yaxın Şərq və İŞİD-lə mübarizə üzrə Baş müşaviri olub.
Xüsusilə də İranla nüvə məsələləri ilə əlaqədar aparılan danışıqlarda çox faydalı olmuş diplomat rəsmi Tehranla "dil tapmağı" və ortaq məxrəcə gəlməyi bacaran çox az ABŞ siyasətçilərindən hesab olunur.