Əlcəzair Fransadakı səfirini geri çağırdı

DÜNYA
18:43 / 03.10.2021
597

Əlcəzair fransız mediasında Fransa Prezidenti Emmanuel Makronun adından yayılan fikirlərə etiraz əlaməti olaraq Parisdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Agentliyin məlumatında bildirilir ki, Əlcəzair dövlətinin bəyanatında Fransanın onun “daxili işlərinə müdaxiləsinin qətiyyən yolverilməz olduğu” vurğulanır. Bəyanatda deyilir: “Sözügedən fikirlər fransız müstəmləkəçiliyinə qarşı mübarizədə həlak olmuş 5 milyon 630 min əlcəzairli şəhidin xatirəsinə və Milli Azadlıq İnqilabına edilmiş qəbuledilməz hücumdur”.

Əlcəzair dövləti bəyan edib ki, Fransanın kütləvi qırğınlar, insanların diri-diri yandırılması, kəndlərin məhv edilməsi ilə müşayiət olunan müstəmləkə cinayətləri insanlığa qarşı soyqırımı aktı hesab edilməlidir. Həmin cinayətlər manipulyasiya obyekti ola bilməz və təhrif olunmamalıdır.

Bəyanatda qeyd olunub ki, Fransa tərəfinin məsuliyyətsiz fikirlərinin yaratdığı vəziyyətlə əlaqədar Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkənin Parisdəki səfirinin məsləhətləşmələr üçün dərhal geri çağırılması barədə qərar verib.

Qeyd edək ki, gərginliyin səbəbi Prezident Makronun Əlcəzairin postmüstəmləkə sistemi və hökuməti haqqında Fransa mediası tərəfindən yayılan fikirləri olub.

0
azertag.az