Qırğızıstanın hakimiyyət orqanları Tacikistanla sərhəd münaqişəsi rayonunda yerləşən kəndlərdən əhalini təxliyə etməyə başlayıb.
Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“FHN əhalinin təhlükəsiz yerlərə təxliyəsini yerli sakinlərlə birlikdə həyata keçirir”, - məlumatda deyilir.
Qeyd olunub ki, təxliyə prosesinə mikroavtobuslar, yük maşınları və yolsuzluq avtomobilləri cəlb edilib. Təxliyəsi nəzərdə tutulan insanların sayı açıqlanmır.
Xatırladaq ki, bu gün axşam saatlarında Tacikistan və Qırğızıstan sərhədində iki ölkənin sərhədçiləri arasında atışma olub. Sərhəddə silahlı qarşıdurma Qırğızıstanın Batken və İsfan şəhərlərini birləşdirən yolun Düşənbə tərəfindən birtərəfli qaydada bağlanması fonunda yaranıb. Tacikistan tərəfinin məlumatına görə, insident nəticəsində 6 nəfər yaralanıb, onların hamısı taciklərdir.
Hazırda sərhəd münaqişəsi rayonunda intensiv atışma getdiyi bildirilir.