Avropa bu qış enerji çatışmazlığı ilə bağlı ciddi çətinliklərlə üzləşə bilər. Britaniya hökumətinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell hesab edir ki, buna baxmayaraq, Avropa Rusiyaya qarşı iqtisadi təzyiqi azaltmamalıdır.
HİT.az xəbər verir ki, Pauell bu barədə Kiyevdə keçirilən konfransda danışıb. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar və Ukraynaya dəstək strategiyası nəticə verir və hazırda Moskva üzərində təzyiqi zəiflətməyin vaxtı deyil.
Britaniyalı müşavir bildirib ki, Avropa qış aylarında enerji çatışmazlığı ilə üzləşsə belə, bunun Rusiyanın xeyrinə çevrilməsinə imkan verməməlidir.
“Qaz qışın gəlişi ilə Avropa İttifaqı üçün real problemə çevrilə bilər. Bunun öhdəsindən gəlmək və Ukraynaya iqtisadi, hərbi, siyasi və diplomatik dəstəyi davam etdirmək lazım olacaq”, – Pauell deyib.
Onun sözlərinə görə, Avropanın əsas məqsədi Rusiyaya danışıqlar masasına oturması üçün kifayət qədər təzyiq göstərməkdir. Pauell hesab edir ki, son dövrdə Rusiyanın hərəkətlərində müşahidə olunan eskalasiya tətbiq edilən təzyiqin nəticə verməyə başladığının göstəricisi ola bilər.
Pauell Ukraynadakı vəziyyətin hazırda mürəkkəb olduğunu da qeyd edib. O, Rusiyanın hücumlarını, Ukraynanın hava hücumundan müdafiə sistemlərinə, xüsusilə “Patriot” komplekslərinə ehtiyacını və ölkənin büdcə çatışmazlığını diqqətə çatdırıb.
Bununla belə, britaniyalı müşavir nikbinlik üçün əsasların olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın mövqeyində dəyişiklik müşahidə olunur və Vaşinqtonun artıq əvvəlki kimi Rusiya Prezidenti Vladimir Putinə meylli olmadığı görünür.
Pauell həmçinin bildirib ki, Avropa Rusiya ilə bağlı sanksiyaları zəiflətməməli və Ukraynaya dəstəyini davam etdirməlidir. O, müharibənin yalnız ərazi məsələsi olmadığını, əsas məsələnin Ukraynanın müstəqilliyini qoruması olduğunu vurğulayıb.
Avropanın enerji təhlükəsizliyi ilə bağlı vəziyyət də diqqət çəkir. Aİ Rusiyadan qaz idxalını əhəmiyyətli dərəcədə azaltsa da, bu göstərici hələ tam sıfırlanmayıb. Qaz ehtiyatlarının doldurulmasında yaranan çətinliklər və qlobal enerji bazarındakı problemlər qarşıdakı qışda qiymətlərin yüksəlməsi riskini artırır.
Pauellin fikrincə, Avropa bütün bu çətinliklərə baxmayaraq, Rusiyaya təzyiq strategiyasından geri çəkilməməli və mümkün danışıqlara hazır olmalıdır.
Samir


