Təqaüdçülərin sevimli Yunanıstan adası - Oktyabrda temperatur +26°C-yə çatır

DÜNYA
20:26 / 13.09.2026
47

Yunanıstanın Kiklad adaları arasında yerləşən Paros adası sakit istirahət, mülayim iqlim və izdihamdan uzaq mühit axtaran turistlər üçün tövsiyə olunur. Xüsusilə yaşlı səyahətçilərin üstünlük verdiyi ada mənzərəli şəhərləri və rahat gəzinti imkanları ilə seçilir.

HİT.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Məşhur Santorini və Mikonos adalarının qonşusu olan Paros onlardan daha sakit və nisbətən az turistli olması ilə fərqlənir. Adada ümumilikdə 39 çimərlik var. Burada sakit və kimsəsiz körfəzlərlə yanaşı, müxtəlif istirahət imkanlarının yaradıldığı sahillər də mövcuddur.

Parosun üstünlüklərindən biri də relyefinin digər məşhur Yunanıstan adaları ilə müqayisədə daha əlverişli olmasıdır. Məsələn, Santorinidəki dik yamacların əksinə, Parosda Parikiya və Nausa kimi yaşayış məntəqələrinin ağ rəngli küçələrində rahat şəkildə gəzmək mümkündür. Bu xüsusiyyət adanı yaşlı turistlər üçün də əlverişli istiqamətə çevirir.

Adanın ən məşhur məkanlarından biri şimal sahilində yerləşən Nausadır. Vaxtilə balıqçı kəndi olan bu yaşayış məntəqəsi hazırda Egey dənizinin ən cəlbedici turizm məkanlarından birinə çevrilib. Burada rəngarəng liman, butiklər və axşam saatlarında canlanan küçələr diqqət çəkir.

Daha sakit atmosfer axtaranlar isə Lefkes kəndinə üz tuta bilərlər. Orta əsrlərdə adanın inzibati mərkəzi olmuş bu dağ kəndinə ekskursiya avtobusları gəlməmişdən əvvəl, səhər saatlarında baş çəkmək tövsiyə olunur.

Parosa yaxın yerləşən Antiparos adası da birgünlük səfər üçün əlverişli seçim sayılır. Xüsusilə Parikiya və Nausada turist sıxlığının artdığı vaxtlarda burada daha sakit istirahət etmək mümkündür.

İqlim baxımından da Paros uzunmüddətli istirahət mövsümü ilə seçilir. Oktyabr ayında adada havanın temperaturu +26°C-yə qədər yüksələ bilir. Yazın ortalarından payızın sonlarına qədər isə əsasən günəşli hava müşahidə olunur. Bu səbəbdən Paros yay ayları ilə yanaşı, payızda da istirahət üçün münasib istiqamətlərdən biri hesab edilir.

Samir
 

0