ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqlara qarşı mübarizədə istifadə olunacaq yeni hava bazalı torpedonun hazırlanması üzərində işləyir.
HİT.az xəbər verir ki, “Silent Anvil Air-Launched Torpedo” (SAA-LT) adlanan perspektiv sistemin əsas xüsusiyyəti torpedonun yüksək hündürlükdən buraxılmasına imkan verməsidir.
Məlumata görə, yeni torpedonun 18 kilometrdən çox yüksəklikdən buraxılması nəzərdə tutulur. Bu göstərici ABŞ-ın hazırda istifadə etdiyi HAAWC sisteminin təxminən 9 kilometrlik buraxılış hündürlüyünü əhəmiyyətli dərəcədə üstələyir.
Yeni texnologiyanın tətbiqi sayəsində sualtı qayıqlara qarşı əməliyyat həyata keçirən təyyarələr hədəfə daha uzaq məsafədən yanaşa və təhlükəli zonaya daxil olmadan torpedonu buraxa biləcək.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri sistemin yaradılması ilə bağlı bir neçə variantı nəzərdən keçirir. İlk variantda yeni torpedonun hazırlanması, digərində isə mövcud torpedonun xüsusi planerləmə modulu ilə təchiz edilməsi nəzərdə tutulur. Bu yanaşma hazırda HAAWC sistemində Mk 54 yüngül torpedosu ilə tətbiq olunur.
SAA-LT-nin həm pilotlu, həm də pilotsuz uçuş aparatlarından istifadə edilə bilməsi planlaşdırılır. Bu isə sistemin ölçü və çəkisinə ciddi məhdudiyyətlər qoyur. Yeni torpedonun çəkisinin 122 kiloqramı, diametrinin isə təxminən 19 santimetri keçməməsi tələb olunur.
Sistem müxtəlif uçuş rejimlərində də tətbiq oluna bilməlidir. Torpedonun 0,25–0,85 Max sürətlə hərəkət edən hava platformalarından buraxılması nəzərdə tutulur.
ABŞ tərəfi hesab edir ki, belə bir sistem gələcəkdə sualtı qayıqlara qarşı aviasiyanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Hazırda layihənin hansı texniki variant üzrə davam etdiriləcəyi ilə bağlı yekun qərar verilməyib.
Samir


