Putin çıxış yolu axtarışında: Hər şeyi itirmədən vəziyyətdən necə çıxmaq olar?

11:03 / 01.04.2022
1951
Rusiya Ukrayna ilə müharibədə prioritetlərin dəyişdiyini rəsmən elan edib. Kiyev və Çerniqov bölgəsində "hərbi fəaliyyəti kəskin şəkildə azaltmaq" planlaşdırılır, qüvvələr Donbasın ələ keçirilməsinə yönəldiləcək. 
 
"Meduza” mənbələrinin məlumatına görə, bu qərarın arxasında təkcə hərbi deyil, həm də siyasi səbəblər dayanır: məsələn, rəsmilərin Rusiyanın Qərbin sərt sanksiyaları altında necə "yaşayacağına” dair anlayışların olmaması... 
 
Martın sonunda Rusiya hərbi rəhbərliyi nəhayət ki, Kiyevi "az qanla” - yəni "xüsusi əməliyyat”a cəlb edilmiş qüvvələr tərəfindən işğal edə bilməyəcəyi ilə barışdı. Bu barədə "Meduza”ya prezident administrasiyasına (PA) yaxın üç mənbə və hökumətə yaxın iki həmsöhbət məlumat verib.
 
"Meduza” mənbələrinin məlumatına görə, işğalın ilk günlərində həm Rusiya hərbçiləri, həm də prezident Vladimir Putinin özü "xüsusi əməliyyat"ın kifayət qədər asan olacağına inanırdılar və Ukrayna tərəfdən belə müqavimət gözləmirdilər.
 
Fevralın sonunda Prezident Administrasiyasına yaxın mənbə əmin idi ki, Rusiya üçün əsas problemlərdən biri böyük şəhərlərin ələ keçirilməsi deyil, onların "yeni administrasiyalarının" normal işinin təşkili olacaq. O, bu ərazilərin (Kiyev də daxil olmaqla) işğalına zərrə qədər də şübhə etmirdi. "Amma urbanizasiyalaşmış böyük ərazini idarə etmək üçün kadrları yoxdur. Hətta Krım və Sevastopol üçün kadr çatışmazlığı var”, - deyə mənbə öz fikrini əsaslandırırdı.
 
Bununla belə, artıq martın əvvəlində "Meduza”nın hökümətdəki mənbələrinin ritorikası dəyişməyə başlayıb. İndi onların fikrincə, ən "ehtimal olunan ssenari” müstəsna olaraq Donbasın tam nəzarət altına alınmasıdır.  
 
"Meduza”ın beş mənbəsi danışıqlar zamanı Rusiyanın mövqeyinin yumşalmasını məhz cəbhədəki uğursuzluqlarla izah edirlər. Rusiya və Ukrayna nümayəndə heyətlərinin martın 29-da İstanbulda keçirilən görüşündən sonra Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-polkovnik Aleksandr Fomin bildirib ki, rus qoşunları "Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi kəskin şəkildə azaldır". Müdafiə naziri Sergey Şoyqu da öz növbəsində "Donbasın azad edilməsini” hərbi əməliyyatların "əsas məqsədi” adlandırıb.
 
Sergey Şoyqu
 
Bundan əlavə, "Meduza”nın həmsöhbətləri iddia edirlər ki, martın sonunda hökumət rəsmiləri Putinə Rusiya iqtisadiyyatının vəziyyəti ilə bağlı hesabatlar təqdim ediblər. Bu sənədlərə görə, mənbələrdən birinin təbirincə desək, "ölkə belə sanksiyalar altında heç ala-babat yaşaya bilməyəcək”.
 
"Hökumətdə təxminən eyni məzmunlu müxtəlif sektorlarda iclaslar keçirilir: mövcud olan ehtiyyatlarla bir neçə ay dözə bilərik. Bəzi sanksiyalar aradan qaldırılmasa, bundan sonra nə olacağını heç kim bilmir. Daha doğrusu, hər şeyin çox pis olacağı aydındır. İnfrastruktur problemləri, nəqliyyatla bağlı problemlər yaranacaq", deyə "Meduza”nın federal nazirlər kabinetinə yaxın mənbəsi çətinlikləri sadalayır.
 
Kadırov və Solovyovun Müharibə Partiyası 
 
Prezident Administrasiyasına yaxın üç mənbə vurğulayır ki, Putin bundan sonra nə edəcəyi ilə bağlı hələ yekun qərar verməyib.
 
Onlardan birinə görə, indi prezidentə "müxtəlif qruplar və insanlar təsir edirlər” və özü də Ukraynadakı müharibə ilə bağlı "ictimai müzakirənin bir oxşarını görmək istərdi”. Bu "ictimai müzakirə” o deməkdir ki, Putin Ukrayna ilə sülhdə israr edənləri və genişmiqyaslı müharibənin davam etdirilməsini müdafiə edənləri dinləməyə hazırdır. 
 
"Kremlin siyasi blokuna yaxın insanlar danışıqlar üçün əllərindən gələni edəcəklər və buna görə internet imkanları işə salınacaq. Müharibə partiyasına Çeçenistan rəhbəri Ramzan Kadırov, Dövlət Dumasının sədri Vyaçeslav Volodin daxildir. Onlar hesab edirlər ki, qələbəyə qədər döyüşmək - Putin deməkdir, məhz bu səbəbdən axıra kimi gedirlər”, PA-ya yaxın mənbə şərh edir.
 
Ramzan Kadırov-Vyaçeslav Volodin
 
Eyni zamanda, indi Prezident Administrasiyasının özü də ehtiyat edir ki, "Ukrayna ilə mümkün barışıq Putinin reytinqinə zərbə vuracaq”. "Vətəndaşlar təbliğatla çox qızışdırılıb. Tutaq ki, Donbass ərazisində dayanma qərarı verildi. Bəs "nasistlər”? Artıq onlarla mübarizə aparmırıq? Bu söz ("nasist”-red.) insanlara o qədər "yeridilib” ki, mən təsəvvür edə bilmirəm ki, hakimiyyətin reytinqini itirmədən Donbasda necə dayanmaq olar”, deyə Kremllə əməkdaşlıq edən siyasi texnoloqlardan biri deyir.
 
"Meduza”nın Prezident Administrasiyasına yaxın olan mənbəsi digər təbliğat klişelərinə - tez "Kiyevin ələ keçirilməsi” və gözlənilən "Kreşatikdə” (Kiyevin əsas küçəsi-red.) parad”ını nümunə gətirir. "Bundan sonra nə deyilməlidir? Kiyevi almaq fikrindən vaz keçmişik? Bəs niyə? Bəli, müharibənin sona qədər real, inamlı tərəfdarları o qədər də çox deyil, amma bu, cəmiyyətin çox səs-küylü bir hissəsidir, artıq İstanbul danışıqlarından sonra səs-küy salmağa başlayıb”, deyə o izah edir. 
 
"Meduza”nın daha əvvəl xəbər verdiyi kimi, martın ortalarından etibarən Prezident Administrasiyası sosioloji sorğuların köməyi ilə rusların həqiqətən müharibəyə necə münasibət bəslədiyini və ölkə vətəndaşlarını nəyin narahat etdiyini öyrənməyə çalışır. "Meduza”nın bu araşdırmanın nəticələri ilə tanış olan həmsöhbəti qeyd edir ki, PA-nin məlumatına görə, son vaxtlara qədər Putinin reytinqi "xüsusi əməliyyat” fonunda yüksəlirdi. Lakin bundan sonra nə baş verəcəyi və Kiyevi "işğal” etməkdən mümkün "imtina” hökumətyönlü elektoratın da etirazına səbəb olub-olmayacağı bəlli deyil. 
 
"Onların (müharibənin tərəfdarları) arasında "divanlı vətənpərvərlər” var ki, sözdə tərəfdardırlar, lakin döyüşlərin davam etdirilməsi üçün küçələrə çıxmayacaqlar. "Xüsusi əməliyyat"ın tərəfdarlarının başqa bir hissəsi "40+” yaşlarında olan qadınlardır. Onlar tərəfdardırlar, lakin "ailənizdən birini müharibəyə göndərməyə hazırsınızmı?” sualı veriləndə dərhal "hazır deyilik” cavabı verirlər”, - "Meduza”nın mənbəsi qapalı sosioloji sorğuların nəticələrinə istinadən deyir. Həmsöhbət əlavə edir ki, ruslar müharibəni dəstəkləmələrinin səbəbi kimi "Qərbdən gələn təhlükəni” göstərirlər: "Onlara televizordan deyilənləri”.
 
"Meduza”nın mənbələrinin məlumatına görə, bu fonda Prezident Administrasiyasında Ukrayna ilə mümkün sülh danışıqlarının ruslara izah edilməsi strategiyalarını müzakirə etmək üçün iclas keçirilib. Lakin "bunu izah etmək üçün effektiv strategiya tapılmayıb". "Meduza”nın məlumatına görə, görüşdə istirak edən siyasi texnoloqlardan biri "Parovozun sobasına o qədər kömür atılıb ki, onu dərhal dayandırmaq mümkün olmayacaq” deyib. 
 
PA-nin fikrincə, çətinlik bəzi rus təbliğatçılarının açıq şəkildə müharibənin davam etdirilməsini tələb etməsindədir. "Məsələn, teleaparıcı Vladimir Solovyov Ukrayna ilə danışıqlar aparan Vladimir Medinskini "palçıqla bir edib”. Təbliğatçıların başqa bir hissəsi isə "başa düşmür ki, necə simanı itirməməklə başqa cür danışmaq olar”.  
 
Vladimir Solovyov
 
"Meduza”nın PA-ya yaxın iki mənbəsi vurğulayır ki, "vətənpərvər ictimaiyyətin” məyusluğu çox böyük ola bilər: "Şərti olaraq, onlar üçün bu, spoylerli seriala baxmaq kimidir: sonuncu seriyada Kiyev alınacaq. Və sonra seriyanın ortasında hansısa danışıqlar gedir, artıq görünür ki, Kiyev falan yoxdur”.
 
Bu baxımdan, daxili siyasi blok müharibə başa çatdıqdan sonra və kəskinləşən iqtisadi böhran kontekstində hakimiyyətin reytinqinin enməsinə hazırlaşır. Xüsusilə də böyük şəhərlərdə. İlk növbədə Moskva və Sankt-Peterburqda. Prezident Administrasiyasının keçirdiyi qapalı sorğuların nəticələrinə görə, indi bu şəhərlərdə sakinlərin yarıdan çoxu müharibəni dəstəkləmir.
 
Bunun fonunda "Meduza”nın mənbələrinin bildirdiyinə görə, hökumətə yaxın siyasi texnoloqlara "ölkə üçün yeni ideologiya”, "yeni milli ideya” haqqında düşünmək tapşırığı verilib: "Hər hansı bir formada sülh olacaq və insanlar suallar verəcəklər: bu nə üçün idi? Kiyev alınmayıb, sanksiyaların çoxu götürülməyib, onlarla yaşamaq çətindir. Bütün bunlara niyə dözmək lazımdır? Bu boşluğu nəyləsə doldurmaq lazım olacaq, yoxsa kimsə başqası gəlib dolduracaq.”
 
Mənbə: "Meduza"
 
Tərcümə: Nizami Bağırov
Qaynarinfo
0