Keçmiş Sovet şəhəri Vilnüsdə İsveçin taleyi necə olacaq?

DÜNYA
21:38 / 15.06.2023
609

Türkiyədə seçkilərin Ərdoğanın qələbəsilə başa çatması və hökumətin qurulması ilə Avro-Atlantik paytaxtların gözü İsveçin NATO-ya üzvlüyü prosesinə çevrildi və diplomatik gediş-gəliş sürətləndi. NATO-nun Baş katibi Yens Stoltenberq, ABŞ Prezidenti və hətta 4 il öncə NATO artıq “beyin ölümü keçirib” deyən Fransa Prezidenti Emmanuel Makron eləcə də NATO üzvü olan ölkələrin böyük əksəriyyəti Ərdoğana ünvanladığı təbrik məktubunda NATO ilə əməkdaşlıq mövzusunu xüsusi vurğulayır, Ərdoğandan gözləntilərinin olduğu mesajını veriridilər.

NATO-nun bütün aparıcı üzvlərinin, xüsusən də ABŞ və İsveçin gözləntisi budur ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi öncəsi Türkiyə və Macarıstan İsveçin alyansda iştirakını təsdiq etsin. Keçmiş Sovet şəhəri Vilnüsdə keçiriləcək sammitdə NATO yeni üzvü İsveçlə birlikdə 32 ölkədən ibarət daha güclü, çəkindirici və vahid ittifaq kimi Rusiyaya və Çinə daha güclü mesaj vermək istəyir. Son bir neçə gündə istər xarici işlər nazirlikləri istərsə də digər aidiyyəti qurumlar vasitəsi ilə xüsusilə Türkiyədən İsveç məsələsinə tamamən razılıq verməsi istiqamətində addın atılmasını istəyirlər. ABŞ və İsveç xarici işlər nazirləri ilə görüşən yeni xarici işlər naziri Hakan Fidan isə Türkiyənin “konkret addımlar” çağırışını təkrarlayıb.

NATO-ya üzvlük üçün müraciət edən İsveç və Finlandiya ilə Türkiyə arasında Madridd sammitində Türkiyənin narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandum imzalanmışdı. Bununla əlaqədar yaradılan Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətlərinin daxil olduğu Daimi Birgə Mexanizmin dördüncü iclası dünən yəni 14 iyunda baş müşavir Akif Çağatay Kılıçın rəhbərliyi ilə Ankarada keçirildi. Müzakirlərdən sonra tərəflər hər şeyin yaxşı keçdiyinə dair mesaj versə də konkret nəticə yoxdur. 1952-ci ildən üzvü olduğu  NATO ailəsinin genişlənməsindən yana olan Türkiyə niyə İsveç məsələsində bu qədər sərt  davranır? Hansı ki “Soyuq Müharibədən” sonrakı dövrdə o, 1999 və 2004-cü illərdə keçmiş Sovet bloku ölkələrinin alyansa qoşulmasını da dəstəkləmişdi. İsveçə etiraz etməsinin səbəbi bu Skandinaviya ölkəsinin “Türkiyənin terrorla mübarizəsini dəstəkləməməsi” və hətta PKK-nın Suriya uzantısı olan YPG-ni dəstəkləməsi ilə əlaqəlidir. İsveçin YPG-yə hərbi texnika və maliyyə dəstəyi verdiyini deyərək narahatlığını dilə gətirən Türkiyə, bu ölkədən istədiyi 21 şəsxin ekstradisiya edilməməsi ilə bağlı tələbini də tez-tez xatırladır.

İsveçə yeni zamanda 2019-cu ildə Suriyanın şimalında həyata keçirilən və YPG-ni hədəf alan “Barış Pınarı” əməliyyatından sonra Türkiyəyə silah embarqosu tətbiq etməsini də xatırladır. Onsuz da bu vəya digər şəkildə NATO ilə əməkdaşlıq edən İsveçin tamhüquqlu üzvülüyü mövzunda təkid edən alyans, İsveçin üzvlüyü ilə ittifaqın Şimal qanadının müdafiə planlarının yenilənməsi, xüsusilə Baltik bölgəsində hava və dəniz qüvvələrinin strukturunun yenidən formalaşdırılması üçün üzvlük prosesinin ən qısa zamanda başa çatdırılmasını arzulayır.

İsveçin üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyini və alyansa qoşulması lazım üçün heç bir maneə olmadığını vurğulanyan NATO-nun baş katibi Yens Stoltenberq sonuncu dəfə Türkiyədə Ərdoğanla görüşdükdən sonra Stokholmda PKK tərəfdarlarının Türkiyə və Ərdoğanı hədəf alan nümayişlərini davam etdirməsi və İsveç rəhbərliyinin buna icazə verməsi Stoltenberqin ifadə etdiyi kimi olmadığını İsveçin bütün öhdəlikləri yerinə yetirmədiyini göstərir. Türkiyə eyni zamanda Fransa və Yunanistan “xətalarını” təkrar etmək istəmir. Yunanistan 1974-cü ildə NATO-dan ayrılsa da daha sonra yenidən üzv olmaq üçün müraciət etmişdi. Türkiyə 1980-ci il çevrilişinə qədər Yunanıstanın geri qayıtmasını təsdiqləməsə də, 12 sentyabr hərbi çevrilişindən sonra hakimiyyəti ələ alan hərbi xunta “Rogers Planı” adlı proseslə Afinanın geri dönməsinə yaşıl işıq yandırdı. Şarl de Qollun prezidentliyi dövründə ABŞ və İngiltərənin alyansdakı hegemoniyasına etiraz əlaməti olaraq Fransa hərbi qanaddan ayrılmış və tam şəkildə alyansa qayıtması 2009-cu ilin aprelində baş vermişdi.

Hər iki ölkə məsələsində narazılığı ifadə edən Türkiyənin daha sonra nə qədər haqlı olduğu ortaya çıxdı. Yenidən eyni xətanı İsveç mövzusunda təkrar etmək istəməyən Türkiyənin İsveç ilə apardığı proses haqlı səbəblərə söykənir və bu prosesin sonunda Skandinaviya ölkəsində “terrorla mübarizə mövzusunda həssaslığın artması artması” Türkiyənin diplomatik uğurudur. Artıq İsveç məhkəməsi bir şəxsin Türkiyəyə təhvil verilməsi haqqında iyun ayının 12-də qərar verib. Vilnüs Sammitində olmasa da İsveçin NATO alyansına daxil olması gözləniləndir. Lakin burada önəmli Türkiyənin dünyaya terror məsələsi ilə bağlı verdiyi mesaj və o nəhəng dövlətlərin Türkiyənin qapısında “növbə” gözləməsidir!

Kamal İlhamoğlu
Musavat.com

0