Paşinyan növbədənkənar seçkilərə gedəcək? - RƏY

DÜNYA
11:43 / 01.11.2023
1102

"Ermənistandakı narazılıqlar və daxili etirazlarla bağlı uzun müddətdir müşahidə etdiyimiz məqam ondan ibarətdir ki, bu gün erməni ictimaiyyətinin çox cüzi hissəsi Nikol Paşinyan əleyhinə aksiyalarda iştirak edir".

Bu sözləri politoloq Rəşad Bayramov HİT.az-a açıqlamasında deyib.

O, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasından sonra İrəvanda Paşinyana qarşı etiraz edənlərlə bugünkü aksiyalarda iştirak edənlərin arasında ciddi azalmanın olduğunu diqqətə çatdırıb:

"Rəqəmləri də müqayisə edəndə bunun şahidi oluruq. Bu da təbiidir. Çünki müharibədə məğlub olan ölkənin Ali Baş Komandanı növbəti dəfə xalq tərəfindən seçilmişdi. Erməni ictimaiyyəti faktiki olaraq, Ermənistanın Rusiyadan qopmasına və Qarabağ problemindən xilas olmasına səs vermişdi. 

Əlbəttə ki, Paşinyan da bunu kifayət qədər yaxşı bilir. Hətta bu gün keçirilən etiraz aksiyalar miqyasına görə hər hansısa bir şəxsi istefaya göndərə biləcək səviyyədə deyil".

Paşinyanın növbədənkənar seçkilərə gedib-getməyəcəyi ilə bağlı suala isə politoloq belə cavab verib:

336951

"Paşinyanın növbədənkənar seçkilərə gedəcəyini düşünmürəm. Düzdür, 44 günlük müharibədən sonra bu addımı atdı, amma onda etirazlar onun hakimiyyətdən getməsinə səbəb olacaq qədər güclü də deyildi. Üstəlik, Paşinyan erməni ictimaiyyətinin mövqeyini və nələri əsas tutacağını bilirdi. Bununla da öz hakimiyyətini daha 5 il möhkəmləndirmiş oldu. 

Bu gün isə növbədənkənar seçkilərə getmək və Rusiyanın Ermənistan daxilindəki qüvvələrin yenidən hərəkətə keçməsi Paşinyanın marağında deyil. Buna görə də onun növbədənkənar seçkilərə gedəcəyi inandırıcı deyil. Yəni indiki məqamda Paşinyanın növbədənkənar seçkiyə getmək ehtimalı faktiki olaraq sıfıra bərabərdir".

Politoloqun fikrincə, mövcud vəziyyətdə Ermənistanda sadəcə hərbi çevriliş yolu ilə hakimiyyət dəyişə bilər:

"Hesab edirəm ki, bu gün ancaq hansısa qüvvələr çevriliş edəcəyi təqdirdə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verə və yeni seçkilər keçirilə bilər. Lakin bu gün həmin ölkədəki siyasi qüvvələrin çevriliş imkanlarının məhdud olduğu nəzərə alınmalıdır. Yəni sadəcə hərbi çevriliş variantı ilə hakimiyyət dəyişikliyi mümkündür. Bu ehtimalı isə heç vaxt arxa plana atmaq olmaz. 

Çünki 30 ilə yaxın müddət ərzində Ermənistanın iqtisadiyyatına, nəqliyyat infrastrukturuna, təhlükəsizliyinə və ordu quruculuğuna nəzarət edən Rusiyanın hələ də sözügedən ölkənin hərbçiləri arasında kifayət qədər tərəfdarları mövcuddur. Onların əli ilə isə istənilən vaxt hərbi çevrilişə cəhd həyata keçirilə bilər. Bunun alınıb-alınmayacağı isə hadisələrin gedişatından və insanların Paşinyanı müdafiə edib-etməyəcəyindən asılı olacaq".

Pərviz

0